Dekabrın 16-da Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyində Astara, Qazax, Ucar, Ağdaş, Zaqatala, Ağdam və Quba rayonlarında icra olunacaq “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində 7 layihənin qrant müqavilələri imzalanıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, qrant layihələrin ümumi məbləği 1 milyon 61 min 41 manatdır.
Qrant müqavilələrinin imzalanmasından sonra yerli qeyri-hökumət təşkilatları və Yaponiya səfirliyi arasında həyata keçirilən fikir mübadiləsi zamanı səfir Vada Cüniçi deyib: “Ot Kökləri” üzrə qrant yardımın həyata keçirilməsi yerli əhalinin sağlamlığına xidmətin inkişafına, ehtiyaca uyğun sayda təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə ümid edirəm. Bundan sonra müxtəlif sahələrdə yardımların göstərilməsini nəzərdə tuturuq”.
Qeyri-hökumət təşkilatları rəhbərləri Yaponiya hökumətinə “Ot Kökləri” üzrə qrant yardımı həyata keçirdiyi üçün öz təşəkkürlərini bildiriblər.
Qeyd olunub ki, bu gün imzalanmış müqavilələr də daxil olmaqla, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 275 qrant müqaviləsi imzalanıb və bu müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 39 milyon 100 min manatı keçir.
Qeyd edək ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşıyır.
Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumları müraciət edə bilərlər.












