Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Türkiyənin Fiziki məhdudiyyətli şəxslərin təhsil, mədəniyyət, sağlamlıq, idman vəqfi və Fiziki məhdudiyyətli şəxslərin dərnəkləri federasiyası ilə əməkdaşlığını davam etdirir. 

 

Qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutan bu əməkdaşlıq Sosial Xidmətlər Agentliyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi arasında  imzalanan memorandum əsasında həyata keçirilir. Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə təlimi kursları keçən daha 3 nəfər Türkiyədə 2 aylıq təcrübə mübadiləsinə cəlb olunub. Dekabr ayının 18-dən etibarən 1 nəfər qız Türkiyənin Ankara şəhərində "Sevgi Atolyesi" (Emalatxanası) layihəsində, 1-i Qarabağ müharibəsi əlili olmaqla 2 nəfər oğlan Türkiyənin Antaliya şəhərində "Musiqi və İdman" könüllülüyü adlı iki aylıq beynəlxalq könüllülük təcrübə mübadiləsi  keçəcəklər. 

 

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Sədr bildirib ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 2021-ci ilin yanvar ayından bu günədək 282 əlilliyi olan şəxsə sosial xidmət göstərilib. Hazırda Mərkəzdə 142 nəfərə müvafiq xidmətlər göstərilir. Bu kateqoriyadan olanların sosial reabilitasiyası üçün davamlı tədbirlər həyata keçirilir. 

Bu il həmçinin Mərkəzin yetirmələrinin xalçaçılıq, toxuculuq, ovlu toxuma, rəssamlıq, oyma kimi peşələr üzrə əl işlərinin DOST Agentliyinin mərkəzlərində, ASAN Xidmət mərkəzlərində və Bakı Gənclər mərkəzində 10 satış-sərgisi keçirilib. Eləcə də 1-5 dekabr tarixlərində əlilliyi olan şəxslərin XI ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olundu. Sərgi-müsabiqədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanmış rəsm əsərləri, keramika, dulusçuluq, xalça və xalçaçılıq məmulatları, bədii tikmələr, toxuma və hörmələr, suvenirlər, oyuncaqlar, məişətdə işlədilən əşyalar və alətlər, müxtəlif modellər və maketlər, ağac, metal və daş üzərində işlər, musiqi alətləri və sair sənət nümunələri nümayiş etdirildi. Sərgidə respublika üzrə 217 nəfərin ümumilikdə 1346 əl işi nümayiş olundu və satışı təşkil olundu.

 

 Eyni zamanda il ərzində Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrindən 15 nəfər Türkiyəyə təcrübəyə göndərilib. Bu təcrübə mübadiləsi proqramı sosial reabilitasiya və sosial dəstək baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəzdə kompüter istifadəçisi və bərbər sənəti üzrə peşə hazırlığına cəlb edilmiş, Astara, Abşeron və Qax rayonlarından olan daha 3 nəfər  əlilliyi olan gənc də 2 ay ərzində Türkiyədə beynəlxalq könüllülük təcrübəsi keçəcəklər. Qeyd olunan kateqoriyadan olan şəxslərin bu proqrama cəlb olunaraq təcrübəyə göndərilməsi onların cəmiyyətə inteqrasiyasında böyük stimul rolunu oynayacaq. 

Növbəti mərhələdə Türkiyədən əlilliyi olan şəxslərin ölkəmizə səfəri təşkil olunacaq. Onlar burada Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təcrübə mübadiləsinə cəlb olunacaqlar.