06 oktyabr 2025-ci il tarixində Xətai rayonunda Vətən Müharibəsi şəhidləri Kazımov Elvin Ədalət oğlu və Kazımov Kamran Qurbanəli oğlunun anım günü münasibətilə tədbir keçirilib.

QHT.az xəbər verir ki, anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, onların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, ailələrinə başsağlığı verilib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Vətən uğrunda canından keçən igid oğullarımızın qəhrəmanlığı Azərbaycan xalqının qəlbində daim yaşayacaq:

“Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik. Onların fədakarlığı gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir.”

Qeyd edək ki, anım tədbiri zamanı şəhidlərin ailə üzvləri ilə görüş keçirilib, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılıb.

 

Pərvanə Fərhadqızı