Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a bildirib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında çox mühüm mesajlar verdi. Xüsusilə cənab Prezidentin çıxışının sonunda söylədiyi aşağıdakı fikirlər BMT-nin fəaliyyətinə verilmiş ən doğru qiymət idi. Prezident belə dedi:
”Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.






