Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 27 sentyabr anım günü ilə bağlı QHT.az saytına açıqlamasında bildirib ki, 27 Sentyabr, tariximizin dönüm nöqtəsidir:
"Azərbaycan xalqının yenidən doğulduğu, ruhunun ucaldığı, qürurunun alovlandığı gündür. Eyni zamanda azadlıq, şərəf və xoşbəxtlik uğrunda canlarını qurban verən, Vətən torpağını cəsarətləri, inamları və qanları ilə müqəddəsləşdirən igid övladlarımızın döyüş meydanına atıldığı gündür. Tarixin bütün mərhələlərində xalqları yaşadan, dövlətləri ucaldan əsas dəyər Vətənə sədaqət və vətəndaş məsuliyyətidir. Azərbaycan xalqı da bu dəyərləri müqəddəs borc sayaraq, düşmən qarşısında bir yumruq kimi birləşmiş, şərəfli mübarizə aparmış və tarixi ədaləti bərpa etmişdir. Bu gün qazandığımız Zəfər, hərbi qələbə olmaqla yanaşı, həm də milli ruhun təntənəsi, ədalətin bərpası, xalqın birliyinin və liderliyə inamının göstəricisidir. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır!".






