"Azərbaycandan deportasiyaya məruz qalmış uzun illər… Bu sıradan bir deportasiya deyil — bu, böyük bir cinayətin tərkib hissəsidir. Azərbaycanlılara qarşı ermənilərin zaman-zaman düşündükləri və reallaşdırdıqları cinayətin bir hissəsi kimi qiymətləndirilir. Bu gün qarşıda duran vacib hədəflərdən biri məhz budur: bu tarixi faktları araşdırmaq, ortaya çıxarmaq və bu faktlar əsasında həyata keçirilən siyasətdə aktivlik və fəallıq nümayiş etdirmək — hər birimizin üzərinə düşən böyük vəzifədir".

QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Böyük Qərbi Azərbaycanla bağlı olaraq qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan əzəli, əbədi Azərbaycan torpaqlarıdır. Qərbi Azərbaycana qarşı yalnız tarixi dövrlərdə deyil, müxtəlif dövrlərdə də azərbaycanlılara qarşı soyqırımlar, deportasiyalar və böyük ədalətsizliklər törədilmişdir:

"Mən uşaq vaxtı o dövrü xatırlayan insanların söhbətlərini dəfələrlə eşitmişəm; əsrin əvvəlində azərbaycanlılara qarşı törədilmiş bu faciələr bu gün də bizim üçün böyük tarixi faktdır və dünyanın diqqətinə çatdırılmalı olan əhəmiyyətli sübutlardır. Bu baxımdan düşünürəm ki, Səməd müəllimin 1948–1953-cü illəri əhatə edən kitabı təkcə bu gün qarşıda duran məqsədlərin reallaşmasında yol xəritəsi deyil, həm də vacib bir elmi mənbədir. Salyana köçürülmə timsalında Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış insanların yaşadığı böyük fəlakətlər, törədilmiş cinayətlər aydın şəkildə görünür. Mən bir daha müəllifə və layihədə iştirak edənlərə təşəkkür edirəm".

Deputat müəllifə təşəkkürünü bildirib, belə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb:

"Hörmətli professorumuza da ürəkdən təşəkkür edirəm ki, belə əsərləri geniş oxucuya çatdırır. Arzu edirəm ki, bu kitablar yalnız Azərbaycan dilində deyil, müxtəlif dillərdə nəşr olunsun, beynəlxalq təşkilatlara, diplomatik qurumlara və dünya kitabxanalarına göndərilsin. Bu əsərlər ermənilərin törətdiyi deportasiyaların tərkib hissəsi olan cinayətlər barədə dünya ictimaiyyətinə məlumat verəcək və azərbaycanlıların çəkdiyi əzabları gündəmə gətirəcək. Doğrudan da çox böyük tarixi faktları özündə ehtiva edən dəyərli bir kitabdır və ümidvaram ki, bunun davamı gələcək. Salyanla bağlı məhdudlaşmayacaq — digər bölgələrdə də Qərbi Azərbaycandan olan insanların deportasiyaya məruz qalması ilə bağlı materiallar toplanmalı, onların həyatı tarixləşdirilməli və gələcək nəsillərə çatdırılmalıdır".

 

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.