"Bugünkü təqdimat sadəcə bir kitabın təqdimatı deyil — bu, tarixi ədalətin, milli yaddaşın və hüquqi yaddaşın bərpası yönündə mühüm elmi hadisədir".
QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzinin sədri, hörmətli Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı əsər həm tədqiqat baxımından, həm də milli şüur və hüquqi yaddaş baxımından böyük əhəmiyyət daşıyır:
"Bu kitab sadəcə arxiv sənədlərinin toplusu deyil, həm də bir dövrün acı gerçəkliklərini – insan talelərini, məcburi köçürülmələrin hüquqi ziddiyyətlərini və beynəlxalq hüququn pozulması faktlarını sistemli şəkildə üzə çıxaran fundamental tədqiqat əsəridir. Müəllifin elmi yanaşması, faktoloji əsaslandırmaları və hadisələrə hüquqi qiymət vermə cəhdləri bu kitabı sırf tarixi araşdırma olmaqdan çıxarır, onu tarix və hüquq arasında körpü kimi dəyərləndirməyə imkan verir. Xüsusilə “Salyana köçürülmə” faktının tədqiqi çox mühümdür. Çünki deportasiyanın yalnız coğrafi deyil, insani və hüquqi ölçülərini də burada görürük. Bu hadisə təkcə bir xalqın köçü deyil, həm də onun hüquqlarının pozulmasının, mülkiyyət hüququnun, yaşamaq və seçmək azadlığının zorla əlindən alınmasının faciəsidir. Kitabda bu proseslərin həm sovet inzibati mexanizmləri, həm də beynəlxalq hüquq baxımından təhlili aparılır ki, bu da əsərə elmi tutum və hüquqi dərinlik qazandırır".
Əliməmməd Nuriyev bildirib ki, əsərin elmi redaktoru, məsləhətçiləri və rəyçilərinin adları da göstərir ki, bu kitab peşəkar elmi müzakirələrdən keçib, çoxşaxəli yanaşma ilə formalaşıb. Burada tarixçinin də, hüquqşünasın da, sosioloqun da baxışı hiss olunur. Bu, elmi kollektiv düşüncənin məhsuludur:
"Mən xüsusilə vurğulamaq istəyirəm ki, bu kimi tədqiqatlar artıq təkcə tarix üçün deyil, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq hüquq müstəvisində müdafiəsi üçün mühüm elmi əsas yaradır. Biz bu əsərlərlə sübut edirik ki, deportasiya təkcə keçmişin ağrısı deyil, bu günün hüquqi və siyasi məsuliyyətidir. Səməd müəllimə və komanda üzvlərinə təşəkkür edirəm ki, bu çətin, lakin şərəfli mövzuya dərinliklə yanaşıblar. Bu əsər gələcək nəsillər üçün həm yaddaş, həm də hüquqi dərs olacaq. Hesab edirəm ki, “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri” kimi əsərlər bir xalqın səsini, susdurulmuş tarixinin ədalət tələbini gələcəyə daşıyır. Və bu səs — ədalətin səsidir. Bu kitabın "Qərbi Azərbayan" həqiqətləri ilə baglı qiymətli və əvəzsiz elmi resurslardan oldugunu nəzərə alaraq təklif edərirəm, kitab bir neçə dünya dillərinə də tərcümə edilərək, dünyanın məhşur kitabxanalarına, elm mərkəzləri və Universitetlərinə də göndərilsin".
Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.






