"Kitab Azərbaycan tarixi və tarixi torpaqlarımız, həmçinin beynəlxalq hüququn zənginləşdirilməsi baxımından olduqca lazımlı mənbədir".

QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov bildirib. Onun sözlərinə görə, əsər tarixi faktlara əsaslanan və hüquqi baxımdan önəmli sənəddir:

"Kitabın elmi redaktorları və baş məsləhətçiləri arasında Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Dövlət mükafatı laureatı Nazim Mustafa və bir sıra tanınmış tarixçi və alimlər yer alıb. Bu komanda kitabın materiallarının elmi ciddiliyini və əsaslılığını təmin edib. Kitabda 1948-53-cü illərin ortalarından etibarən Qərbi Azərbaycandan deportasiya prosesləri, dövrün geopolitik şəraiti və hadisələrin təhlili geniş şəkildə əks olunub. Əsərdə köçürülmüş əhalinin tarixi torpaqlarla bağlı məlumatları, onların yerləşdirildiyi ərazilər və bu gün həmin torpaqlarda yaşayan insanların vəziyyəti də ətraflı təqdim olunub. Bu, Azərbaycanın tarixi zəfərində iştirak etmiş soydaşlarımızın rolunu göstərmək baxımından əhəmiyyətlidir".

İltizam Yusifov həmçinin bildirib ki, bu sahədə işlər mütləq davam etdirilməlidir:

"Biz öz haqq səsimizi bu dünyaya çatdırmalı və bu hüquqlarımızdan əl çəkməməliyik. Müstəqil, tarixi torpaqlarımıza geri dönüşümüzü təmin etmək üçün bu işlər önəmlidir. Öz torpaqlarımızda 30 illik bir görünməyən qaçqınlıq həyatı yaşamış bir xalq olaraq bu statusu, bu qaçqınlığa son qoyaraq torpaqlarımıza necə işğaldan azad edib qaytardığımız kimi və hesab edirəm ki, biz tarixi torpaqlarımıza mütləq mənada qayıdacağıq. Bunun üçün bu işləri davam etdirmək lazımdır və bu Səməd müəllimin də işləri kifayət qədər önəmlidir və bu işləri bir silsilə şəklində davam etdirir və Səməd müəllimi bir daha təbrik edirəm. Ona bu sahədə yeni - yeni uğurlar arzulayıram".

 

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.