"Son illərdə ilk dəfədir ki, bu qədər dərin mənalı və hüquqi baxımdan da önəmli bir əsərlə qarşılaşıram. Bu kitab təkcə tarix deyil, həm də hüquqi həqiqətlərin çılpaq şəkildə üzə çıxmasıdır. 1937, 1947, 1950-ci illərdən 1991-ci ilə qədər olan dövrü əhatə edən bu hadisələr bizim milli yaddaşımızın mühüm parçasıdır".
QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində tarixçi – alim Cəbi Bəhramov bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı həqiqətləri ilk dəfə 2007-ci ildə İstanbulda keçirilən beynəlxalq konfransda səsləndirəndə, bir çoxları təəccüblənirdi:
"O zaman bildirdim ki, soyqırımı törədən hərbi hissə 366-cı Rusiya alayının tabeliyində idi. Bu, Sovet ordusunun varisi olan Rusiya Federasiyasının məsuliyyəti deməkdir. 2014-cü ildə Rusiya Dövlət Dumasına dəvət olunanda biz bu məsələni elmi və tarixi əsaslarla təqdim etdik. Hətta “Vahid Rusiya” partiyasından olan bir nümayəndə açıq şəkildə dedi: “Siz bizim Cənubi Qafqazda həyata keçirdiyimiz siyasətin mahiyyətini ifşa edirsiniz.” Mən isə cavab verdim: “Biz sadəcə həqiqətləri deyirik.” Bu kitabda həmin həqiqətlər öz əksini tapıb. Burada həm tarix, həm hüquq, həm də milli kimliyimiz baxımından çox qiymətli məlumatlar yer alır. Məsələn, Səməd Vurğuna müraciət, Cəfər Bağırovun dövrünə aid sənədlər, 1945–1948-ci illərdə Qarabağın Ermənistana verilməsi ilə bağlı müraciətlər – bunlar hamısı xalqımızın başına gətirilən ədalətsizliklərin canlı sübutlarıdır".
Tarixçi – alim həmçinin bildirib ki, Sovet hakimiyyəti illərində yaradılan sistem özü cinayətkar bir sistem idi, bu, xalqımızın təməl hüquqlarının, suverenliyimizin və legitimliyimizin pozulması idi:
"1828-ci il 21 martda – məhz Novruz bayramı günü – imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan torpaqları əlimizdən alındı, həmin ərazilərə ermənilər köçürüldü. Bu, tariximizin ən ağrılı səhifələrindən biridir. Bu kitab həmin ağrılı tarixi elə bir həqiqət kimi təqdim edir ki, onu gizlətmək mümkün deyil. Mən hesab edirəm ki, bu əsər ən azı iki dilə – ingilis və rus dillərinə tərcümə edilməlidir. Çünki burada yazılanlar təkcə bizim üçün deyil, beynəlxalq ictimaiyyət üçün də dərs olmalıdır. Cənab Prezidentin də dediyi kimi, 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edərkən “bir qardaşlıq” pərdəsi altında milli kimliyimizi sıxışdırmağa başladı. Amma bu gün biz həmin həqiqətləri açıq şəkildə deyə bilirik".
Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.






