Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti, “Regional İnkişaf” İctimai Birliyi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və “PAŞA Holding”in baş sponsorluğu ilə 23-26 may 2024-cü il tarixlərində VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) keçiriləcək.
QHT.az xəbər verir ki, Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan builki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunub.
Konfransa tədqiqat işlərinin qəbuluna start verilir. Elmi məqalələrin qəbulu aprelin 15-dək davam edəcək. Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 30-a yaxın elmi bazasında indekslənəcəkdir.
Qeyd edək ki, konfrans çərçivəsində məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı “Gələcəyi İstiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”, “Müasir iqtisadi dövrdə yaşıl rəqabət – iqtisadiyyat üçün yeni strategiyalar” və “Türk dünyasında yaşıl iqtisadiyyat və davamlı inkişaf perspektivləri” mövzuları üzrə panel müzakirələr də təşkil ediləcək.
Ətraflı məlumatı konfransın www.iscemr.com saytından əldə edə bilərsiniz.












