Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında humanoid robotlar atletika tarixinin ən diqqətçəkən rekordlarından birinə imza atıblar.
QHT.az xarici mediaya istinadən bildirir ki, Pekin Humanoid Robot İnnovasiya Mərkəzi tərəfindən hazırlanmış Tiangong Ultra 100 metr məsafəni 9,39 saniyəyə qət edərək Yamaykalı sprinter Usain Boltun 2009-cu ildə müəyyənləşdirdiyi 9,58 saniyəlik dünya rekordunu geridə qoyub.
Avqustun 22-də başlayan yarışların 100 metrlik təsnifat mərhələsində Tiangong Ultra yarışın ilk hissəsində geridə qalsa da, sonlara doğru Honor şirkətinin hazırladığı Lightning robotunu qabaqlayaraq finişə birinci çatıb. Lightning məsafəni 9,47 saniyəyə başa vurub.
Robotların yarışdakı davranışı da diqqət çəkib. İnsan atletlərdən fərqli olaraq, robotlar finişdən sonra sürətlərini azaltmaqda çətinlik çəkiblər. Bəzi iştirakçılar maneələrə çırpılıb, digərləri isə mübarizə zamanı yıxılıb. Lightning robotu da yarışdan sonra yerə yıxılıb və xərək vasitəsilə trasdan çıxarılıb.
Bir il ərzində böyük irəliləyiş
Humanoid robotların inkişafındakı sürət nəticələrdə də özünü göstərib. Ötən il keçirilən Dünya Humanoid Robot Oyunlarında Tiangong Ultra 100 metri 21,50 saniyəyə qaçmışdı. Bu il isə nəticəsini 9,39 saniyəyə qədər yaxşılaşdırıb.
Yarışlarda yalnız sprint deyil, yarımmarafon da keçirilib. Lightning 50 dəqiqə 26 saniyəlik nəticə ilə qalib gəlib. Bu göstərici əvvəlki insan rekordundan da daha sürətlidir.
Bu il Pekində keçirilən oyunlarda ümumilikdə 51 müxtəlif yarış təşkil olunur. Proqrama futbol, stolüstü tennis, boks, rəqs və müxtəlif sənaye tapşırıqları üzrə yarışlar da daxildir.
İkinci Dünya Humanoid Robot Oyunlarında 16 ölkədən və altı qitədən 666 komanda və 2056 robot iştirak edir. Ötən ilki ilk yarışlarda isə 280 komanda mübarizə aparmışdı.






