İsveçrənin eşitmə texnologiyaları şirkəti Sonova süni intellektlə işləyən yeni nəsil Phonak EON eşitmə cihazı platformasını təqdim edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin açıqlamasına görə, 24 avqust 2026-cı ildə təqdim olunan EON platforması real vaxt rejimində süni intellektdən istifadə etməklə danışıq səslərini fon səs-küyündən ayırmağa və istifadəçinin nitqi daha aydın eşitməsinə kömək edir. 

Yeni sistemdə iki süni intellekt texnologiyası paralel şəkildə işləyir. Onlardan biri nitqi arxa fon səslərindən ayırır, digəri isə ətrafdakı səs mühitini davamlı analiz edərək cihazın uyğun parametrləri avtomatik seçməsinə imkan verir. Reuters-in məlumatına görə, şirkət yeni texnologiyanın nitqin başa düşülməsini iki dəfə yaxşılaşdırdığını və dinləmə zamanı tələb olunan səyi azaltdığını bildirir. 

EON əvvəlki nəsillə müqayisədə 25 faiz daha kiçik və 20 faiz daha yüngüldür. Yeni HYPERSONIC çipi cihazın enerji sərfiyyatını 37 faiz azaltmağa imkan verir və batareyanın bir şarjla 38 saata qədər işləyə biləcəyi bildirilir. 

Cihazda külək səsinin azaldılması üçün WindBlock 2.0 funksiyası da var. Şirkət bu texnologiyanın külək səsini 50 desibelədək azaltmağa və açıq havada danışığın daha aydın eşidilməsinə kömək etdiyini açıqlayıb.

Phonak EON ilk olaraq ABŞ-da 24 avqustdan etibarən sifariş üçün əlçatan olacaq. Almaniya, Fransa, Böyük Britaniya və Avstraliya daxil olmaqla digər bazarlarda satışın sentyabr ayında başlaması planlaşdırılır.