Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Fədai Vətən müharibəsinin iyirmi üçüncü günü – 19 oktyabrla bağlı xatirələrini bölüşüb.

“19 oktyabr Vətən müharibəsinin 23-cü gününü xatırlayıram. Böyük bir mübarizənin günü idi. Həmin vaxt təkcə cəbhədəki əsgərlərimiz, qəhrəmanlarımız savaşmırdı. Bütün bir millətin iradəsi, tarixi yaddaşı bu müharibənin bir hissəsinə çevrilmişdi. Uşaqdan böyüyə hər kəs bu mübarizənin iştirakçısı idi.

Əslində, hər birimiz bir formada dəyişdik, hər birimizin daxilindəki həmrəylik hissi ortaya çıxdı. Hər kəs bu savaşa dəstək olmağa çalışırdı. Hər səhər oyanırdıq, ürəyimiz cəbhədə, gözlərimiz xəbərlərdə idi. Hər gün hansısa ərazimizin, kəndimizin, torpağımızın bir parçasının işğaldan azad olunması xəbərini eşidib sevinirdik. Amma eyni zamanda hansısa ailənin bir üzvünün, bir igidimizin şəhid olması xəbərini eşidib üzülürdük. Həmin günlərdə həyəcan, qürur və sevinc bir-birinə qarışmışdı.

Ən əsası isə milli kimliyimiz hər şeydən öndə idi. Torpaqlarımızı işğaldan azad etmək, bu savaşda qalib gəlmək üçün hər kəs əlindən gələni edirdi. Kimisi mətbəxdə çörək bişirir, kimisi kotlet hazırlayır, kimisi corab toxuyurdu. Hər kəs bu müharibəyə öz töhfəsini verməyə çalışırdı. Məncə, Qələbənin səbəblərindən biri də məhz bu idi. Bu, bütün bir millətin savaşı idi və bütün bir millətin Qələbəsinə çevrildi”.

Sevinc Fədai vurğulayıb ki, Vətən müharibəsində qazanılan Qələbənin mahiyyətini gələcək nəsillərə düzgün çatdırmaq hər bir vətəndaşın məsuliyyətidir:

“Mənə görə, bu gün bir ana, bir vətəndaş, bir jurnalist, eləcə də qeyri-hökumət təşkilatının rəhbəri kimi qarşımızda duran məsuliyyətlərdən biri də gələcək nəslə, övladlarımıza bu Qələbə hekayəsini olduğu kimi çatdırmaqdır. Burada sadəcə bir uğurdan deyil, həm də onun arxasında dayanan böyük savaşdan, böyük itkilərdən danışmalıyıq. Övladlarımıza bu Qələbənin necə böyük dəyərə və qiymətə sahib olduğunu hiss etdirməliyik”.