“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud Qarabağ xanlığının yaranması, müstəqilliyini itirməsi və 1822-ci ildə Rusiya imperiyası tərəfindən ləğv edilməsi haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"1747-ci ildə əsası qoyulan və 1822-ci ilədək mövcudluğunu qoruyub saxlayan Qarabağ xanlığının dövlətçilik tariximizdə özünəməxsus yeri var. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan ilə işğalçı Rusiyanın təmsilçisi general Sisyanovun imzaladığı, Rusiya ilə Qarabağ xanlığı arasında bağlanan 11 maddədən ibarət "Kürəkçay" müqavilənin şərtlərinə görə xanlıq müstəqil xarici siyasət aparmaq hüququndan məhrum oldu. Bununla belə xanlıq daxili idarəetmə imkanlarını saxlayırdı.

1805-ci ildə çar zabitinin İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirməsindən sonra Mehdiqulu xan atasının kürsüsündə əyləşdi. 1822-ci ildə Mehdiqulu xan o zaman Qacarların nəzarətində olan İrəvan xanlığına qaçdı. Onunla bərabər xanlığın minlərlə sakini də Qarabağı tərk etdi. 5 il sonra 1827-ci ildə Rusiya ilə yenidən anlaşaraq geriyə qayıdan Mehdiqulu xan əvvəlki vəzifəsinə sahib olmadı, 1845-ci ildə atdan yıxılaraq vəfat etdi.

Mehdiqulu xan Qacarlar dövlətinin ərazisinə qaçdıqdan sonra 21 noyabr 1822-ci ildə çar Rusiyası Qarabağ xanlığını ləğv etdi. Azərbaycan Cümhuriyyəti dövründəki qısa zaman müddətini çıxmaq şərti ilə bu tarixdən etibarən Qarabağın idarəçiliyi rus-erməni hakimiyyəti altına düşdü.

Qarabağın etnik demoqrafiyasını dəyişmək üçün antitürk mərkəzlər üçün əlverişli fürsət yarandı. Ötən 200 illik xronologiyanı təhlil etdikcə bir daha aydın olur ki, 10 noyabr 2020-ci il və 20 sentyabr 2023-cü il tarixləri xalqımız və dövlətçiliyimiz üçün nə qədər böyük, misilsiz əhəmiyyətə malikdir.."