21 noyabr 2026-cı ildə Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi (MFİD) startap layihələrinə maraq və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər üçün “Sahibkarlıq” adlı seminar keçirib.

Seminarın məqsədi iştirakçılara gündəlik əməliyyatları, komandanın fəaliyyətini, satış və marketinq proseslərini qarşılıqlı əlaqədə planlaşdırmaq və biznesi sistemli şəkildə idarə etmək üçün praktik yanaşmalar təqdim etmək olub.

Seminarda üç istiqamət üzrə praktik yanaşmalar müzakirə edilib.

- Komandanın idarə edilməsi. Tapşırıqların komanda üzvləri arasında bölüşdürülməsi, icra məsuliyyətinin müəyyənləşdirilməsi və müvafiq səlahiyyətlərin həvalə edilməsi.
- Satış. "Məhsulum yaxşıdır, amma satılmır" vəziyyəti əsasında zəif satışın səbəblərinin müəyyənləşdirilməsi, qiymətin alıcıya təqdim olunması üsulunun və satış kanallarının qiymətləndirilməsi.
- Marketinq. Potensial müştərilərin cəlb edilməsi, satışın dəstəklənməsi və biznesin inkişafı üçün marketinq fəaliyyətinin planlaşdırılması.

Seminarda gündəlik əməliyyat tapşırıqlarının komanda üzvlərinə həvalə edilməsinin sahibkara biznesin inkişafına daha çox vaxt ayırmaq imkanı yaratdığı vurğulanıb. Satış azaldıqda qiymətin alıcıya necə təqdim edildiyini, satış təklifinin müştəri ehtiyaclarına nə dərəcədə uyğun olduğunu və satış kanallarının nəticələrini təhlil etmək vacibdir. Müştəri rəyləri məhsulun və satış təklifinin təkmilləşdirilməsi üçün məlumat mənbəyi kimi nəzərdən keçirilib.

Marketinq fəaliyyətinin nəticələrinin müraciət və sifariş sayı əsasında izlənməsinin kiçik bizneslərə büdcəni daha səmərəli bölüşdürməkdə kömək etdiyi qeyd olunub. Startap ideyası üzərində çalışan iştirakçılara isə ilkin təkliflərini hədəf auditoriyasından seçilmiş kiçik bir qrupda sınaqdan keçirməklə potensial tələbi qiymətləndirmək üsulu təqdim edilib.

Sonda sahibkarlıq seminarının təşkilinə göstərdiyi dəstəyə görə Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşı Niyaz Məmmədzadəyə təşəkkür edilib.