Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri Elnurə Abuşova Vətən müharibəsinin dördüncü günü – 30 sentyabr 2020-ci il tarixində yaşanan hadisələrlə bağlı xatirələrini bölüşüb:
“Artıq altı ildir ki, sentyabr ayı bizim üçün həm də bir qəhrəmanlıq salnaməsinin simvoluna, şanlı tariximizə çevrilib.
Yadımdadır, 30 sentyabr 2020-ci il. Həmin il şiddətli döyüşlər gedirdi, müharibəni diqqətlə izləyirdik. Həm də mən media nümayəndəsi olduğum üçün bütün hərbi əməliyyatlarla bağlı xəbərləri ilk oxuyanlardan idim.
Ordumuz hər gün bir kəndin, bir zirvənin azad edilməsi ilə könlümüzü sevindirirdi. Həmin günlərdə hər gün ölkə rəhbərinin tvitini gözləyirdik ki, baş verən hadisələr barədə bizə məlumat versin.
Saat 16 radələrində Müdafiə Nazirliyinin məlumatında bildirildi ki, həmin gün ordumuz Cəbrayıl istiqamətində irəliləyib və düşmənin 16 texnikasını sıradan çıxarıb.
Mənfur düşmən dinc əhaliyə atəş açmaqdan da çəkinmirdi. Həmin gün yaddaşımızda Tərtər şəhərinin atəşə tutulması, Goranboyun, Aşağı Ağcakənd kəndinin dinc əhalisinin atəşə tutulması ilə də qalıb.
Məhz sentyabrın 30-da ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə hərbi hospitalda oldu, yaralı döyüşçülərimizlə görüşdü.
Sizi inandırım, mən nə qədər qazilərlə, döyüşçülərlə söhbət etmişəm. Onların hamısı etiraf ediblər ki, məhz müharibənin ilk həftəsində ölkə rəhbərinin hospitala gəlişi, döyüşçülərə söylədiyi qürurverici sözlər və verdiyi motivasiya o həddə çatmışdı ki, döyüşçülərimiz yaraları sağalmadan belə yenidən müharibəyə qayıtmaq istəyirdilər. Belə əsgərlərimizin, belə döyüşçülərimizin sayı yüzlərlədir. Mən onların hər biri ilə fəxr edirəm.
Dəfələrlə Şuşa şəhərində, Xankəndidə olmuşam. Sözün düzü, hər dəfə içimdəki jurnalistlik, media nümayəndəsi hissi və həvəsi məni telefonu əlimə götürməyə sövq edib ki, orada çəkilişlər edim, canlı bağlantılar qurum. Amma mən bunu bacarmamışam.
Qürurverici olsa da, o günlər heç vaxt yadımızdan çıxmır. Çünki Şuşada Cıdır düzünə ağlamadan, qəhərlənmədən baxmaq olmur. Çünki bizim hərbçilərimiz orada dişləri, dırnaqları ilə dırmaşıblar.
Onların hər birində hərbçilərimizin qəhrəmanlıq salnaməsi, hər birində döyüşçülərimizin qanı-canı var.
Artıq biz suveren Azərbaycanın müstəqil, qürurlu vətəndaş cəmiyyəti nümayəndələriyik. Biz bunu hər zaman fəxrlə deyirik”.












