Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, 2012-2014-cü illərdə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil alıb. 2003-cü ildə Türkiyə Respublikasında "təməl paraşüt" kursunda, 2005-ci ildə Macarıstanda "ingilis dili" kursunda, 2006-cı ildə Çexiyada "sülhməramlı əməliyyatlar üçün təlimatçı" kursunda, 2007-ci ildə İsveçrə Konfederasiyasında "qış dağ" kursunda, 2009-cu ildə Rumıniyada "hərbi əməkdaşlıq və təcrübə mübadiləsi", həmçinin, həmin ildə Türkiyədə keçirilən "sərbəst paraşüt" kurslarında, 2010-cu ildə Sloveniyada "təkmilləşdirilmiş qış-dağ" kursunda, 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi — 2010) hərbi sərgisində iştirak edib. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçib. Qüsursuz xidmətlərinə görə dəfələrlə mükafatlandırılan polkovnik-leytenant Anar Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri kimi Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib və oktyabrın 21-də Xocavəndin Tuğ kəndi istiqamətindəki döyüş zamanı qəhrəmancasına şəhid olub.

Anar Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!