Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlərin təbliğat-təşviqat kampaniyaları davam edir və bu proses “sükut günü”nə, yəni 31 avqusta qədər davam edəcək.
QHT.az xəbər verir ki, mətbuatda müxtəlif dairələrdən favorit namizədlər barədə məlumatlar yayımlanmaqdadır. 24 saylı Nizami birinci seçki dairəsi bu məlumatlarda xüsusi diqqət çəkib. Burada 8 namizəd qeydə alınıb, bunlar arasında YAP və HƏP-in təmsilçiləri ilə yanaşı, sabiq deputat Könül Nurullayeva da var. Ehtimal edilir ki, bu dairədə əsas mübarizə YAP-ın namizədi, SOCAR-ın Neft Kəmərləri İdarəsinin şöbə müdiri Ramil Rüstəmov ilə K.Nurullayeva arasında gedəcək. Lakin K.Nurullayevanın yenidən deputat seçilmək şansının o qədər də yüksək olmadığı bildirilir.
“Cebheinfo.az”ın məlumatına görə, bu dairədən şansı yüksək olan namizədlərdən biri iqtisadçı ekspert Əyyub Kərimlidir. Onun təbliğat-təşviqat kampaniyası dövründə keçirdiyi görüşlər seçicilər tərəfindən geniş dəstək qazanıb. Əyyub Kərimlinin seçki platforması, iqtisadi və sosial məsələlərin həllinə dair konkret təklifləri seçicilər tərəfindən maraqla qarşılanır və dəstəklənir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti, media ilə əməkdaşlığı onu digər namizədlərdən fərqləndirir və rəqiblərindən önə çıxmasını təmin edir. Bu fəaliyyətlər seçicilər tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu baxımdan, 24 saylı Nizami birinci seçki dairəsində mübarizənin gərgin keçəcəyi, şansı yüksək dəyərləndirilən namizədlərdən birinin də məhz Əyyub Kərimli olacağı gözlənilir.












