“Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilir. Proqram çərçivəsində ölkəmizdə qonaq olan türkiyəli gənclər üçün avqustun 17-də Şamaxı rayonunda müxtəlif görüşlər təşkil edilib.
Birlikdən QHT.az - a verilən məlumata görə, Türkiyədən gələn gənclər Şamaxı Rayon İcra Hakimiyyətində olublar. İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova gənclərlə görüşüb. Görüş zamanı Şamaxı rayonunda gənclər və könüllülük sahəsində aparılan işlər, rayonda yeniyetmə və gənclərin şəxsi inkişafı, ictimai fəallığının artırılması üçün yaradılan imkanlarla bağlı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Şamaxı Yaradıcılıq Mərkəzində qardaş ölkədən olan gənclərlə görüşərək, Fondun gənclər sahəsində gördüyü işlər, gənclərin istedad və bacarıqlarının dəstəklənməsi istiqamətində atdığı addımlardan danışıb.
Qeyd edək ki, Türkiyəli gənclər, həmçinin Birliyin könüllülərinin fəaliyyəti ilə tanış olaraq birgə fikir mübadiləsi aparıblar
Pərvanə Fərhadqızı












