Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən narkotikin əzabını yaşamaqdadır.

“Hər bir dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Gənc nəsil arasında narkotiklərdən istifadə əsasən ölümlə nəticələnir. Bu isə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən faciədir”. – bu sözləri Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri, ictimai xadim Müqmət Əliyev QHT.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib: “Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur.  Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrasına dövlət qurumları ilə yanaşı geniş vətəndaş cəmiyyəti, o cümlədən Gənc Vətənpərvərlər İctimai Birliyi də narkomanlığa qarşı mübarizəyə dair  QHT Dövlət Dəstəyi Agentliyin  maliyyə dəstəyi ilə uğurla layihələr icra edir”.

Birliyin İdarə Heyətində Dövlət Proqramından irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Tədbirlər Planının qəbul edildiyini vurğulayan ictimai xadim bu sənədin başlıca məqsədi ölkədə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün araşdırmaların aparılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasına yardım edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir: “Azərbaycan əhalisi nisbətən gəncdir, təhsil müəssisələrində narkomaniya, siqaret və pis vərdişlərə qarşı ölkənin gələcək inkişafı üçün prioritet sahələrindən olmalıdır”.

 

 

Pərvanə Fərhadqızı