“1971-ci ildə general Cəmşid Naxçıvanski adına liseyin əsasını qoymaqla Ulu Öndər Heydər Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində çox mühüm bir addım atdı. Müstəqil Azərbaycan Ordusunun zabit kadr potensialının əksəriyyəti məhz həmin məzunlardandır”. 

 

Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib.

 

Emin Həsənli hesab edir ki, SSRİ dövründə Heydər Əliyev ölkənin müxtəlif universitetlərində gənclərin oxumasını təmin etmişdi, general Cəmşid Naxçıvanski adına liseyinin açılması ilə müstəqil Azərbaycan üçün vacib olan kadrların hazırlanması işinə də başlanıldı. Bu yeniyetmələr sonradan müxtəlif hərbi məktəblərdə təhsillərini davam etdirdilər.

 

“Müstəqilliyinin ilkin dövrlərində xalq səfərbər oldu, torpaqları azad etmək üçün minlərlə insan şəhid oldu, ancaq təəssüflər olsun ki, ordu quruculuğu prosesi hərbi elmi qanunlara uyğun aparılmadı, vahid komandanlığa əsaslanan ordu yaradılmadı, ordunun hüquqi bazası, silahlanması təmin edilmədi və xalq öz torpaqlarını qorumaq imkanına yiyələnə bilmədi. Minlərlə şəhid verdik, minlərlə Azərbaycan oğlu qazi oldu, amma torpaqlarımız işğal edildi. Sadə insanların vətənpərvərliyi yüksək olsa da düzgün idarəçiliyin olmaması ölkəmizi ağır duruma saldı”.

 

Hərbi ekspert bu böhrandan çıxmaqda Heydər Əliyevin titanik əməyinin olduğunu yada salır:

“Ulu Öndər ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ordu quruculuğunu prioritet istiqamət elan etdi. Beləliklə nizami ordunun təməli qoyuldu. Günü-gündən inkişaf edən Silahlı Qüvvələrimiz yaradıldı. Məhz bunun nəticəsi idi ki, Azərbaycan uğurlu əks-hücum əməliyyatları keçirə bildi və 1994-cü ildə düşmən atəşkəsə məcbur edildi. Atəşkəs dövrü ordu quruculuğunda yeni mərhələ oldu”.

 

Ordu Quruculuğunun sonrakı mərhələlərindən danışan Emin Həsənli Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin bu işi yeni mərhələyə çıxardığını bildirir: “Aparılan düzgün siyasət nəticəsində Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox oldu. 2016-cı ilin aprel döyüşlərində düşmən Azərbaycan ordusunun gücünü gördü. Bu döyüşlərdə ordumuz uzun illərdən sonra məğlubluq sindromunu sındırdı, qələbələr qazandı. Mühüm strateji yüksəkliklər nəzarətəm götürüldü. Qələbəyə inam hissi yüksəldi. Bu inamın yaradılmasında mühüm mərhələdən biri də 2018-ci ildə keçirilən Günnüt əməliyyatı idi. Bunlar 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizə zəmin yaratdı”.

 

44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin komandanlıq keyfiyyətlərinə hamının şahid olduğunu bildirən hərbi ekspert hesab edir ki, bu zəfərin qazanılmasında komandan qətiyyətinin əsas rol oynadığını bildirir:

 

Azərbaycanın qazandığı qələbə ölkəmizin, xalqımızın tarixində çox mühüm bir hadisədir. Azərbaycanın işğal altında olan torpaqları azad edildi. Düşmən təslimçilik aktını imzalamağa məcbur edildi, Laçın, Kəlbəcər və Ağdamı döyüşsüz qaytarıldı. BMT təhlükəsizlik şurasının qətnamələri yerinə yetirildi”.

Emin Həsənli hesab edir ki, Vətən müharibəsindən sonra ordu quruculuğunda yeni mərhələ başlayıb:

 

“Bu gün ordu quruculuğu yeni inkişaf mərhələsindədir. Yeni komado hərbi hissələrinin yaradılması, yeni ən müasir texnikanın alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi həm ordunun şəxsi heyətində, həm də bütövlükdə xalqımızda yüksək əhval-ruhiyə yaradır. Bu gün artıq Azərbaycan Silahlı Qüvvələri ordu gününü qalib kimi qeyd edir. Bu artıq qalib ordunun bayramıdır. 2020-ci ildə Azərbaycan ordusu Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qazandı bu uğuru və yeni-yeni uğurlara imza atmaqda davam edir”.