Dayanacaqlarda nəqliyyat vasitələrinin hərəkəti, dayanacaq adlarının səsləndirilməsi və ərazidə avtomobillərin düzgün park edilməməsi nəqliyyat xidmətinin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Bəs bu məsələlərin tənzimlənməsi hansı qurumun səlahiyyətindədir və dayanacaq adlarının səsləndirilməsi nə üçün vacibdir?

Nəqliyyat eksperti Aslan Əsədov QHT.az-a açıqlamasında dayanacaq adlarının səsləndirilməsi, nəqliyyat vasitələrinin dayanacaqlarda hərəkəti və bu prosesə təsir edən amillərlə bağlı fikirlərini bölüşüb.

Ekspert bildirib ki, dayanacaq adlarının qeyd edilməsi aidiyyəti qurumun səlahiyyətində olan məsələdir:

“Dayanacaq adlarının qeyd edilməsi metronun aidiyyəti qurumunun səlahiyyətindədir. Ümumiyyətlə, xaricdə də bununla bağlı müəyyən tədbirlər görülür. Adətən belə hallar dayanacağın səsləndirilməsinin məlumat xarakterli və xidmət sahəsinə aid olması ilə bağlıdır. Vətəndaşlar bunu xidmət kimi bilir və qəbul edirlər. Bununla da xidmətin ölçülməsinə dəlalət edən addımlara rəvac verilir. Yəni bu, birbaşa xidmətə aid olan prosesdir”.

Aslan Əsədov digər tərəfdən dayanacaqlardan kənarda avtomobillərin saxlanılmasının da nəqliyyatın hərəkətinə təsir göstərdiyini qeyd edib:

“Dayanacaqlardan kənarda avtomobillərin saxlanılması, onların dayanacaqlarda olan nəqliyyat vasitələrinin ümumi rentabelliyinə təsiri və s. özlüyündə təsir edən amillərdir. Bunların hamısı nəqliyyat vasitəsinin ümumi hərəkət prinsipinə və hərəkət intervalına aid olan məsələlərdir”.

Ekspert nəqliyyat vasitələrinin əraziyə aparılması və gətirilməsi zamanı müxtəlif üsullardan istifadə edildiyini də vurğulayıb:

“Nəqliyyat vasitələrinin təsbit olunması, yəni əraziyə aparılması və gətirilməsi zamanı müəyyən üsullardan istifadə olunur. Nəqliyyat vasitəsinin idarə olunması zamanı hər hansı profilaktik tədbirlərin görülməsi, dayanacağa yaxınlaşma, dayanacaqdan uzaqlaşma və s. bu məsələlərlə xarakterizə olunur”.

Ekspertin sözlərinə görə, bütün bunlar nəqliyyat xidmətinin təşkilinə və onun müşayiətinə aid məsələlər kimi qiymətləndirilə bilər:

“Bu, ona xüsusi bir etimad, xüsusi bir müşayiət vermək kimi qiymətləndirilə bilər. Belə adlandırmaq mümkündürsə, deməli, məsələ bundan ibarətdir”.