ABŞ Dövlət Departamenti oktyabrın 1-dən 35 tərəfdaş ölkədə qlobal səhiyyə yardımının maliyyələşdirilməsi ilə bağlı yeni icra planlarını tətbiq etməyə hazırlaşır. Yeni model çərçivəsində ABŞ səhiyyə üçün ayırdığı milyardlarla dollar vəsaitin daha böyük hissəsini birbaşa xarici ölkələrin hökumətlərinə göndərməyi planlaşdırır.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ artıq Keniya, Malavi və Uqanda ilə hökumətlərarası maliyyələşdirmə — “G2G” modelinin tətbiqi barədə Konqresi məlumatlandırıb. Bu ölkələr yeni sistemin necə işləyəcəyinə dair ilkin nümunə ola bilər.
Bununla belə, oktyabrın 1-də planların tətbiqinə az vaxt qalmasına baxmayaraq, sənədlər hələ ictimaiyyətə açıqlanmayıb və Konqresə təqdim edilməyib. Tərəfdaş ölkələrin hökumətləri ilə birlikdə hazırlanan planlar ABŞ-nin səhiyyə sahəsində ayırdığı milyardlarla dolların necə xərclənəcəyini müəyyənləşdirəcək.
Yeni planlar ABŞ rəsmilərinin ötən ilin dekabrından tərəfdaş ölkələrlə imzaladığı anlaşma memorandumlarını genişləndirir və qlobal səhiyyə yardımının idarə olunmasında mühüm dəyişiklik nəzərdə tutur.












