Sentyabrın 28-də Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dmitri Pineviçin dəvəti ilə Milli Məclisin deputatı, Azərbaycan–Belarus parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Azər Allahverənov və Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Belarus Respublikasının Azərbaycandakı Səfirliyində olublar.

Görüş zamanı Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın inkişafının aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ictimai təşkilatların iştirakı ilə humanitar sahədə qarşılıqlı maraq doğuran və fayda verən əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi və bu istiqamətdə müvafiq işlərin aparılması barədə razılığa gəliblər.

Görüş çərçivəsində Səfirliyin qonaqlarına Belarus Respublikasının tarixi, sosial və mədəni irsini əks etdirən müxtəlif nümunələr təqdim olunub.