7-17 sentyabr 2022-ci il tarixlərində Insan Alverinə Qarşı Mübarizə mövzusunda Amerika Birləşmiş Ştatlarında təşkil olunan Açıq Dünya Ziyarət Proqramında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsanAlveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova da iştirak edib. 
 

QHT.az xəbər verir ki, Mübadilə proqramı ABŞ-ın Vaşinqton və Çikaqo şəhərlərində baş tutub. Vaşinqton şəhərində təşkil olunan açılış hissəsində Açıq Dünya təşkilatının icraçı direktoru, ABŞ-ın Dövlət Departamentin, ABŞ Məhkəmələrinin İnzibati İşlər idarəsinin, Konqresin hüquq kitabxanasının rəsmiləri öz fəaliyyətləri ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Görüşdə ABŞ-ın ədliyyə sistemi, Konqresin hüquq kitabxanasının fəaliyyəti, federal məhkəmə sistemində dövlət hesabına hüquqi yardım göstərən vəkillərin rolu mövzularında təqdimatlarla çıxışlar edilib. 


Çikaqo şəhərində təşkil olunan hissədə isə iştirakçılar bu şəhərdə yerləşən müxtəlif qabaqcıl universitetlərin (İllinoys, Loyola və Northwestern) professorları ilə görüşlərdə iştirak ediblər. Qonaqlar insan alverinə qarşı mübarizə siyasətinin həyata keçirilməsi haqqında araşdırma fəaliyyətləri ilə tanış olmaq imkanı əldə etməklə bərabər, bu sahədə fəaliyyət göstərən müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərə qatılıblar. Görüş çərçivəsində iştirakçılar  insan alverindən zərər çəkmiş şəxslərə göstərilən xidmətlər barədə də məlumatlandırılıblar.  
 

Təcrübə proqramında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri də iştirak ediblər.