Insanlar nə zaman aldadılır? O zaman ki, insan hər hansı məsələ ilə bağlı məlumat və informasiya qıtlığı yaşayır. Baş verə biləcəklərdən xəbərsiz hansısa problemin quyusuna düşür. Dünya hər sahənin müasir formasını yaratmağa həvəslidir, bunun üçün cəmiyyətin kütlə əsarətində olması bəs edir. 
Hazırda dünyada 24,9 milyon qurban, insan alverçiləri tərəfindən ovlanıb.

 

 “Müasir köləlik” kimi də tanınan sektor, məcburi əmək, borc əsarəti və ya cinsi istismar məqsədləri üçün zorla, fırıldaqçılıq və ya məcburetmə yolu ilə işə götürmə və ya qaçırma yolu ilə insan alveridir. 
İnsan alveri və ya insan ticarəti(ing. human trafficking) qurbanları çox vaxt cinsi, fiziki və ya psixoloji zorakılıq yolu ilə köləliyə bənzər şəraitdə işləməyə məcbur edilirlər.

İşəgötürənlər, insan alverçiləri və onların tərəfdaşları tərəfindən istifadə edilən taktikalar çox vaxt döyənlərin istifadə etdiyi taktikalardır və məişət zorakılığının dinamikasını əks etdirir. Hətta mövcud məişət zorakılığının bütün formaları bu çirkin prosesdə istifadə olunur. 

 

İnsan alverçisi qəddar, gözüdönmüş və qurbanından dəfələrlə çox pul qazanmaq barədə düşünür. Elə insan alveri qurbanlarının çoxu, xüsusən böyüklər pul qazanmaq üçün həmin cinayətkarların toruna düşürlər.

 

İnsan alverçiləri qurbanlarına nəzarət etmək üçün müxtəlif məcburedici üsullardan istifadə edirlər, o cümlədən:
•    İqtisadi imkanların yalan vədləri ilə qurbanlarını cəlb etmək, yüksək və ya fantastik maaş;
•    Qurbanın müxtəlif yollarla şəxsiyyət vəsiqəsi(pasport), iş icazəsi və ya səyahət sənədlərinin əldə tutulması;
•    Real və ya iddia edilən borcun ödənilməsini tələb etmək;
•    Zorakılıqdan istifadə etmək və ya istifadə etməklə hədələmək;
•    Hansısa nəzarət, köləlik monitorinqi, müşahidə, izləmə fəaliyyətləri;
•    İşə görə çox az pul ödəmək və ya ümumiyyətlə ödəməmək.

 

İnsan alverçisi qurbanının həyatına  ürəyi istədiyi vaxt son qoya bilər. Məhz qurbanın ölüm qorxusu həmin insanları köləliyi davam etdirməyə məcbur edir. İnsan ticarəti cinsi və əmək qulluğu şəraitində böyüklərin və uşaqların əmtəə və ya əşya kimi istifadə edilməsi təcrübəsidir. Alverçilər üçün insan hər hansı əşyadır, istifadəyə yararsız olanda, artıq lazım deyil. Çox nadir halda qurban canını qurtara bilir, bu da onun şansına və düşdüyü şəraitdən istifadəyə bağlıdır.

 

İnsan alveri deyəndə daha çox qadın alveri başa düşülür


“Azərbaycanda insan alveri qurbanları Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsi  tərəfindən müəyyən olunur. Başqa sözlə, bu statusu rəsmi şəkildə qurum verir. Xarici ölkədə qurbana çevrilmiş  vətəndaşlarının Azərbaycana yönəldilməsi, onların aşkarlanıb geri gətilməsi çətin prosesdir. Bu prosesdə insan alverində iştirak edən bütün tərəflər araşdırılır. Dövlət qurumu qurbanı müəyyən etdikdən sonra öz sığınacağında  təqribən 30 gün saxlayır, bütün rəsmi proseduralar sonrası onun reabilitasiyası üçün qeyri-hökumət təşkilatına yönəldir”. 

Bunu “Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə Yardım” İB-nin sədri Zenfira Mustafayeva mövzu ilə bağlı müsahibəsində deyib. Ekspertin sözlərinə görə, əsas məsələ və vacib proses də elə qurbanın təşkilata yönəldilməsindən sonra başlayır. “Həmin müddətdə qarşıda duran məsələlər insan alveri qurbanı olmuş şəxsin (qadının) sosial, hüquqi və psixoloji probleminin həllinə dəstək verməkdir. Bu insanların problemi çox olur, həlli isə daha çox zaman tələb edir. 

Qurbanların ailələrə qayıtması, boşanma olmayıbsa, barışması, işdən qeyri-qanuni çıxarılıbsa, onun bərpası, yaxud işlə təminatı əsas məsələlərdir. Belə insanlar hüquqi problemlərdən əziyyət çəkirlər. Vacib məsələ bu qədər işin fonunda qurbanın psixoloji dəstəyini təşkil etmək, onun reabilitasiyasını tezləşdirməkdir. Əlbəttə, bu da peşəkar kompleks dəstək təcrübəsindən asılıdır. Dərin psixoloji travma yaşamış bu insanın yenidən normala qayıtması böyük zaman tələb edir. Buna da səbr gərəkdir, onunla birlikdə dəstək verənlər də səbirli davranmalıdır, bu səbəbdən biz və təşkilatın müvafiq sahə üzrə mütəxəssisləri üzərinə böyük yük düşür”, Z.Mustafayeva  qeyd edib.

 

Təcrübə qurbanların bu bəlaya düşmə səbəblərini ayırd etməyə imkan verir. İnsanlar niyə qurban olurlar?
 

Sualı cavablandıran ekspert belə aydınlıq gətirib: “Bizə müraciət edən xanımların çoxunun bilik bacarığı, təhsili olmur, elə bu səbəb də əslində onların qurbana çevirməsinə bəs edir. Əsasən,  İran, Türkiyə, Əfqanıstan, Pakistan və cənubda olan kiçik ölkələrdə qurbana çevrilmiş xanımların həyat hekayələri bənzərdir, aldadılıb aparılıblar. 

Təkcə iki il ərzində 32 xanım insan alveri qurbanı kimi  DİN tərəfindən bizə yönəldilib. Demək olar ki, çoxu cinsi istismara məruz qalanlardır. Əməyin istismarı, cinsi istismar ən çox yayılmış formalardır. Təcrübəmizdə olan vəziyyətlərə görə,  xanımların çoxu sosial rifahı yaxşı olmayan kənd, rayon sakinləridir. Bu xanımların çoxu ailəsindən ayrılmış çarəsiz qalanlar, baxımsız, qayğı yükü çox olan, yaxud da, əri uzaqlara guya pul qazanmağa gedən və ailəsinə baxmayan kişilərin xanımlarıdır.
Qadınlar da ailəni keçindirmək, uşaqlarına baxmaq üçün məşğulluq axtarır, bu zaman onun ehtiyaclı olması insan alverçiləri üçün gözəl fürsət çevrilir. 

 

İnsan alveri dedikdə Azərbaycanda daha çox qadın alveri başa düşülür. Qurbanların 90%-i cinsi istismardan əziyyət çəkib,10 %-i  əməyin istismarı, məcburi əməyə cəlb olunub. Çox cüzi hissəsi də uşaq əməyinin istismarı faktıdır.” 

 

Zenfira xanımın sözlərinə görə, insan alveri ilə bağlı qanunvericilikdə mövcud boşluqlar bəzi hallarda fəaliyyətdə çətinlik törədir. Qurbanın pulsuz psixoloji və hüququ yardımla təminatı məsələsi qanunvericilikdə öz əksini tapmayıb. Halbuki bu dəstəyi biz verməli oluruq və veririk.
“Bizim təşkilatın təcrübəli vəkilləri bu məsələdə həmişə təmənnasız yardım göstərb, amma vəkilin təyinatı məsələsində yenə də, qanundakı boşluq qarşıya çıxır.

 

İnsan alveri qurbanlarının reabilitasiyasından sonra işlə təminatı da çətinlik yaradan tərəfdir. Bilirsiz ki, vaxtiylə qurbanlara verilən vədlər arasında yüksək maaşlı işlər üstünlük təşkil edir, elə onu qurbana çevirən səbəb də budur. Amma vaxtında ölkədə lazımı vakansiyalar və iş təminatı, sosial siyasət düz aparılsa və vacib məsələ kimi həllini tapsa, qurban sayı da azalmış olar. 

 

Çünki biz adətən nəticələri müzakirə edib, onun həlli yollarını axtarırıq, mübarizədən, maariflənmədən danışırıq. Halbuki vaxtında baş verən neqativ  halların səbəblərini aydınlaşdırıb onun yarada biləcəyi fəsadları düşünsək və analiz etsək, sözün əsl mənasında insan alveri kimi bəlanın da böyüməsinin qarşısını almış olarıq. Elə konkret məişət zorakılığı, erkən nikahların mövcudluğu qadınların insan alveri olmasına zəmin  və şərait yaradan amillərdir.

Bizdə elə faktlar var ki, eyni insan ikinci dəfə insan alverinə çevrilib. Bu bir insan faciəsidir. Baxın, bunun səbəbi sadaladığım məqamlardır. Maarifləndirmə, primitiv tədbirlərlə mübarizə cüzi olur, yaxud qeyri –peşəkar adamların insan alveri kimi vacib və təcrübə  istəyən məsələdə gördüyü “iş” əks effekt də verə bilər ”, ekspert vurğulayıb.  

Raminə Eyvazqızı 


 

 

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.