Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2 Oktyabr 2022-ci il tarixdə, layihənin fəaliyyət planına uyğun olaraq sonuncu tədbir olan uğurlu sahibkarlıq subyektinə, “Bio Garden” MMC-yə səyahət təşkil olundu. 


QHT.az xəbər verir ki, təlimlərdə nəzəri bilik və bacarıqlara yiyələnən və öz bacarıqlarını təkmilləşdirən xanımlar bu səfərdə iştirak edirdilər. Həmin gün, səhər saat 10.00 da başlayan səyahət zamanı layihə iştirakçıları “Bio Garden” MMC-nin fəaliyyəti ilə, eləcə də MMC-nin direktoru, sahibkar Etibar Nuriyevin 16 illik təcrübəsi ilə yaradılan şəraitlə, görülən işlərlə və onun gələcək planları ilə yaxından tanış oldular. İlk öncə, layihə rəhbəri MMC-nin direktorunu layihə ilə və həyata keçirilən təlimlərlə bağlı məlumatlarla tanış etdi.

 

Daha sonra, sahibkar E. Nuriyev iştirakçılara özü və biznesi haqqında geniş məlumat verdi. 3 saatdan çox davam edən səyahət zamanı iştirakçılar təsərrüfatda müxtəlif sahələrin sintezini əyani gördülər, sahibkar E. Nuriyevin məsləhət və tövsiyələrini dinlədilər. Xanımları maraqlandıran çox saylı sualları cavablandıran sahibkar Etibar Nuriyev qeyd etdi ki, belə bir təsərrüfatın sahibi olmaq üçün ən vacib amillərdən biri arzu və istək, növbəti amil isə məqsədə aparan yolda olan çətinliklərə qatlaşaraq uğura nail olana qədər davamlı çalışmaqdır.

 

O, bu 16 il ərzində rastlaşdığı çətinliklərdən, həmin çətinlikləri necə aradan qaldırdığından danışdı. Təsərrüfatında hələ çox işlərin görüləcəyini, yeni planlarını və gələcəkdə görmək istədiyi fəaliyyəti də o, sahibkar qadınlarla paylaşdı. O, təsərrüfatda aparılan yenidənqurma və təmir-tikinti işləri ilə də iştirakçıları tanış etdi və qeyd etdi ki, növbəti ildə artıq yeni məhsulların da istehsalına başlanacaqdır. 


Səfərin sonunda, layihə rəhbəri M. Nağıyev “Bio Garden” MMC-nin direktoru Etibar Nuriyevə onları səmimi qarşıladığı və sahibkarlıq bacarıqlarını nəzəri təlimlərdə təkmilləşdirən xanımların təcrübə keçmələri məqsədi ilə belə bir şəraitin yaradılması üçün öz təşəkkürünü bildirdi. O, həm E. Nuriyevə və həm də layihə iştirakçıları olan xanımlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Səfər çox maraqlı və məhsuldar keçdi.