Azərbaycanda insan alveri ilə mübarizənin tarixi uzun illərə dayanır. 
 

Ötən illər ərzində Azərbaycanda insan alveri ilə mübarizə dövlət tərəfindən müxtəlif proqramlarla dəstəklənib. Sonuncu dəfə ölkə rəhbərinin sərəncamına əsasən 2020-2024 –ci illər üçün insan alveri ilə mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqlənib. Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə  hazırlanıb.
Məlumat üçün deyək ki, sonuncu fəaliyyət planı bu vacib məsələ üzrə Azərbaycanda dördüncü dövlət proqramı kimi həyata keçirilir. İlk Milli Fəaliyyət planı üzrə işlər 2004-cü ildən start götürüb.


2020-2022-ci illər üçün insan alveri ilə mübarizəyə dair Milli Fəaliyyət Planının 4.6-cı bəndi, mübarizənin daha da effektiv təşkil olunması üçün dövlət və qeyri dövlət qurumlarının, beynəlxalq təşkilatlarının  birgə və strateji əməkdaşlının qurulması və gücləndirilməsi naminə təkliflərin hazırlanmasını ehtiva edir. 

 

Dövlət və qeyri-dövlət qurumlarının effektiv mübarizəsi üçün birliyi zəruridir
Azərbaycanda insan alveri ilə mübarizə ilə bağlı müvafiq qanun da var. Qanuna əsasən, insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

 

İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir:

  • İnsan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması;
  • İnsan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi;
  • Qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi;
  • İnsan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi;
  • İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi;
  • İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması;
  • Uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi;
  • Təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi;
  • Təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi;
  • İnsan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşları üçün xüsusi tədris kurslarının təşkil edilməsi.

Bütün dünyada olduğu kimi Azərbaycanda da  bu sahədə mübarizədə həm dövlət, həm də qeyri-hökumət təşkilatlarının birgə səyi var. DİN Insan alverinə qarşı mübarizə Baş Idarəsi Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununun 4-cü maddəsinə əsasən insan alverinə qarşı mübarizə fəaliyyəti bu işə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi prinsipinə əsaslanır və Qanunun 10-cu maddəsinə əsasən dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.

 

İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.

Həmçinin insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu olan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu günə qədər qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurub, 27 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında 2013-2018-ci illəri əhatə edən ikinci Anlaşma Memorandumu, 09 avqust 2019-cu il tarixdə isə 2019-2023-cü illəri əhatə edən sayca üçüncü Anlaşma Memorandumu Milli Koordinator tərəfindən imzalanıb. 

 

“İnsan alverinə qarşı mübarizə haqqında” 10-cu maddəsinə əsasən insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları aşağıdakı istiqamətlərdə fəaliyyətə cəlb edilirlər:

  • insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işləri;
  • insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi;
  • insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası.

 

İnsan alveri qurbanları ilə bağlı prosedurlar sadələşdirilməlidir
İnsan alveri ilə mübarizə üzrə koalisiyaya üzv olan “Ailə dünyası” Ailələrə Hüquqi Yardım İB-nin rəhbəri Gülayə Səfərovanın
sözlərinə görə, koalisiya öz işində ciddiyyətini və birgə səyini davam etdirir. “Bilirsiz ki, qlobal bəla olan insan alveri bir  cinayətdir və o daim forma və metodlarını dəyişdiyi üçün onunla mübarizə də çətinləşir. Bu səbəbdən də bu faktların aşkarlanması çətinlikləri meydana çıxır. DİN –in tərkibində  koalisiyada bizim də  təkliflər nəzərə alınır. Düşünürəm ki,  beynəlxalq təcrübəyə əsaslanaraq yeni mübarizə üsulları tətbiq olunur, amma effektiv mübarizə üçün daha genişmiqyaslı profilaktik tədbirlər görmək olar. Belə ki, insan alverinə məruz qala biləcək həssas əhali qruplarına nəzarət mexanizmi tətbiq olunmalı, qurbanların sığınacaqlara yerləşdirilməsi, onların problemlərinin həlli ilə bağlı prosedurların sadələşdirilməsi, məcburi əməklə bağlı potensial insanların müəyyən edilməsi, risklərin öyrənilməsi, xüsusi bacarıqları olan peşəkar  polis komandalarının maddi texniki bazanın yenilənməsinə ehtiyac var”, deyə ekspert vurğulayıb.

 

 

 

 

İnsan alveri ilə mübarizədə yanaşma dəyişməlidir
2013-cü ildən insan alveri ilə mübarizəyə dair fəaliyyəti ilə seçilən qeyri-hökumət təşkilatlarından biri də Gəncədə yerləşən “Təmas” Regional İnkişaf İB-dir.

Təşkilatın qadın və uşaq sığınacağın rəhbəri Südabə Məmmədova bildirib ki, hər sığınacaqdakı vəziyyətlə bağlı hesabatları olar. “2021-ci ildə sığınacaqda  yerləşən 361 qadın və uşaq məskumalşıb ki, onlardan 8-i insan alveri qurbanı, 3 nəfəri ehtimal olunan, 350 nəfəri isə insan alverinin potensial qurbanı olubalr. Onlardan 159 nəfəri qadın, 202 uşaq olub. Bizim əsas fəaliyyətimiz bizə müvafiq dövlət qurumları tərəfindən yönəldilən qurbanların sosial reablitasiyasını həyata keçirməkdir. 

 

Hazırda biz təlimlərə cəlb olunmuşuq. Bizim diqqət mərkəzimizdə olan mövzulardan əsası regionlarda sığınacaqların artırılmasınamı çalışmaq, yoxsa mövcud sığınacaqlarda insan alveri məsələsinə yeni yanaşma və onunla mübarizə üçün effektiv üsulları tətbiq etmək məsələləridir. Fikrimcə, Azərbaycanda olan sığınacaqların bir xəritəsini işləyib hazırlamalıyıq ki, koordinasiya və əməkdaşlıq üçün hamı bir-birini tanısın. Yeni təşkilatlar yaranıb, işlər görürlər.

Misal üçün, “Cığır” adlı təşkilatla yenicə tanış oldum, onlar da ehtiyaclı və həssas qrupda olan xanımlara dəstək olurlar, sosial sahibkarlıq təcrübələri var. Bu təcrübədən normal həyatına qayıdan qurbanlarımız üçün yararlanmaq olar. Maariflənmə məsələsi isə həmişəki kimi aktual olaraq qalır. Xüsusən, bu gün müharibə və münaqişələrin qızışdığı bir vaxtda Azərbaycan kimi tranzit ölkələrdə insan alverçiləri fürsətdən istifadə edəcəklər deyə, məlumatlanma vacibdir. Miqrantlar arasında monitorinqlərin aparılması, Rusiyadan Azərbaycana axın olduğu vaxtda zəruri hesab olunmalıdır”, S.Məmmədova əlavə edib.

Raminə Eyvazqızı


 

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.