Azərbaycanda vizasız rejim və elektron viza sisteminin tətbiqi ölkəyə giriş imkanlarını xeyli asanlaşdırsa da, turizmin inkişafı üçün bunun kifayət etmədiyi bildirilir. Əmək hüquqları üzrə ekspert Sahib Məmmədovun sözlərinə görə, quru sərhədlərin bağlı qalması, bahalı aviabiletlər və digər problemlər turist axınına mənfi təsir göstərir.

Azərbaycanda vizasız rejim və elektron xidmətlərin tətbiqi xarici vətəndaşların ölkəyə girişini xeyli asanlaşdırır. Vizasız rejimdən yararlanan ölkələrin vətəndaşları 15 günədək ölkədə qeydiyyatsız qala, daha uzunmüddətli səfərlər zamanı isə qeydiyyatı onlayn, ASAN xidmət mərkəzləri və ya Dövlət Miqrasiya Xidmətinin regional bölmələri vasitəsilə qısa müddətdə və ödənişsiz həyata keçirə bilirlər.

Bu barədə QHT.az-a açıqlamasında əmək hüquqları üzrə ekspert Sahib Məmmədov danışıb.

Ekspert bildirib ki, Azərbaycanın tətbiq etdiyi elektron viza və ASAN Viza sistemi ölkəyə giriş prosedurlarını sadələşdirir. Onun sözlərinə görə, bəzi hallarda xarici vətəndaşlar vizanı evdən çıxmadan elektron qaydada, yaxud hava limanında əldə edə bilirlər.

Sahib Məmmədov qeyd edib ki, bütün ölkələr üçün vizasız rejimin tətbiqi mümkün deyil. O, bunu təhlükəsizlik amilləri və Azərbaycanın Avropa İttifaqı ilə readmissiya sazişi çərçivəsində daşıdığı öhdəliklərlə əlaqələndirib.

Ekspertin fikrincə, hazırkı şəraitdə təkcə viza rejiminin sadələşdirilməsi turizmin inkişafına ciddi təsir göstərə bilməz. O bildirib ki, quru sərhədlərin bağlı qalması, aviabiletlərin yüksək qiyməti, ölkəyə gəlmək üçün bir neçə reysin dəyişdirilməsinin zəruriliyi və xidmətlərin baha olması Azərbaycanın turistlər üçün cəlbediciliyini azaldan əsas amillərdəndir.

Sahib Məmmədov vurğulayıb ki, turizm sahəsində real nəticələr əldə etmək üçün kompleks tədbirlərə ehtiyac var. Onun sözlərinə görə, Malayziya və Tayland kimi ölkələr viza prosedurlarını sadələşdirməklə yanaşı, digər turizm infrastrukturunu da inkişaf etdirərək milyonlarla turist cəlb etməyə nail olublar.

Ekspert hesab edir ki, Azərbaycanda da viza sisteminin təkmilləşdirilməsi digər islahatlarla paralel aparılarsa, bu, turizmin inkişafına daha əhəmiyyətli töhfə verə bilər.

Zəhra Ağayeva