Lənkəranda keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsi çərçivəsində təşkil olunan tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru və layihənin eksperti Cəsarət Hüseynzadə tədbirin təşkilinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, Ağsaqqallar Şurasına, eləcə də layihənin təşkilatçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsinin əsas məqsədi yeni yanaşmalar ortaya qoymaq deyil, tarixdən gələn milli-mənəvi dəyərlərə və adət-ənənələrə sadiqliyi bir daha xatırlatmaqdır.
Cəsarət Hüseynzadə bildirib ki, layihə vətəndaş cəmiyyətinin təşəbbüsüdür və cəmiyyəti narahat edən məsələlərin ictimai müzakirəsinə xidmət edir. Onun sözlərinə görə, bir neçə ay əvvəl Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb və belə qənaətə gəlinib ki, ziyalılar, din xadimləri və vətəndaş cəmiyyəti nümayəndələri sağlam müzakirə platforması yaratmalıdırlar.
Tarixən toy və yas mərasimləri sadə, milli adət-ənənələrə uyğun şəkildə keçirilib, lakin son illərdə bu sahədə israfçılıq halları artıb. “Əvvəllər nə belə israfçılıq vardı, nə də mərasimlər indiki qədər dəbdəbəli keçirilirdi”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, bu gün toy mərasimləri səbəbindən yüzlərlə ailə borca düşür, kredit götürmək məcburiyyətində qalır. Eyni problemlər yas mərasimlərində də müşahidə olunur. Onun sözlərinə görə, ailə yaxınını itirdiyi ağır gündə belə, bəzən yas mərasiminin təşkili ilə bağlı əlavə maddi yük altında qalır.
Cəsarət Hüseynzadə bəzi yas mərasimlərinin mahiyyətindən uzaqlaşaraq ziyafət xarakteri aldığını diqqətə çatdırıb. “Halbuki hamımız ora mərhumun ailəsinə təsəlli vermək, onların yanında olmaq üçün getməliyik”, – deyə o vurğulayıb. Əvvəllər yas mərasimlərində əsas məqsəd mərhumun ruhuna dualar etmək, dini söhbətlər aparmaq və ailəyə mənəvi dayaq olmaq idi.
"Layihə toyların və ehsan süfrələrinin əleyhinə deyil. Məqsəd onların imkan daxilində, israfa yol verilmədən təşkil edilməsinə nail olmaqdır. Cəsarət Hüseynzadənin sözlərinə görə, bu istiqamətdə ağsaqqalların, ziyalıların və din xadimlərinin rolu xüsusi əhəmiyyət daşıyır. Onlar imkanı olmayan ailələrin borca düşərək toy və ya yas mərasimləri keçirməsinin qarşısının alınmasına töhfə verə bilərlər".
Ekspert tədbirin müxtəlif yaş və peşə sahələrini təmsil edən insanların fikir mübadiləsi aparması üçün təşkil olunduğunu bildirib.Belə təşəbbüslərdə əsas qərarı yenə də cəmiyyət özü verməlidir.
Lənkəranın milli-mənəvi dəyərlərə bağlı bölgələrdən biri olduğunu deyən Cəsarət Hüseynzadə burada böyüyə hörmət, ailə dəyərləri və milli ənənələrin hər zaman yüksək tutulduğunu vurğulayıb. O, layihənin təşəbbüskarı olan “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimovun uzun illərdir cəmiyyət üçün faydalı layihələr həyata keçirdiyini qeyd edərək, bu tədbirin də insanları bir araya gətirmək, səmimi fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.
Çıxışının sonunda Cəsarət Hüseynzadə israfçılığın təkcə mənəvi deyil, həm də iqtisadi, sosial, sağlamlıq və ekoloji problemlər yaratdığını diqqətə çatdırıb. “Toylarda saysız-hesabsız yeməklər hazırlanır. Doğrudanmı bunların hamısına ehtiyac var?” – deyə sual edən ekspert bildirib ki, nəticədə həm qida israf olunur, həm də bu vəziyyət insanların sağlamlığına mənfi təsir göstərir.
O əlavə edib ki, layihə çərçivəsində keçirilən müzakirələr cəmiyyətdə sağlam yanaşmanın formalaşmasına töhfə verəcək və gələcək nəsillərə hansı dəyərlərin miras qoyulacağı ilə bağlı vacib mesajlar verəcək.
Zəhra Ağayeva






