Honq Konq Elm və Texnologiya Universitetinin alimlərinin apardığı yeni araşdırma göstərib ki, uşaqların həyatının ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılması gələcəkdə beyin sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat çərçivəsində Böyük Britaniyanın UK Biobank layihəsində qeydiyyatdan keçmiş təxminən 65 min nəfərin məlumatları təhlil edilib. Alimlər Böyük Britaniyada şəkər məhdudiyyətinin ləğvindən sonra insanların qidalanma vərdişlərində şəkər istehlakının artmasının uzunmüddətli təsirlərini araşdırıblar.

Araşdırmanın nəticələrinə görə, həyatının ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırıldığı dövrdə böyüyən şəxslərdə demensiya riski 23 faiz daha aşağı olub və xəstəlik orta hesabla 2,5 il daha gec diaqnoz qoyulub.

Tədqiqatın müəlliflərindən Jiazhen Zheng bildirib ki, əldə olunan nəticələr erkən yaşlarda şəkər istehlakının məhdudlaşdırılmasının beyin sağlamlığı üçün uzunmüddətli faydalar verə biləcəyini göstərir.

Araşdırmanın nəticələri Neurology elmi jurnalında dərc olunub.

Piranə Xasiyeva