Lənkəranda keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” mövzusunda tədbirdə çıxış edən Lənkəran Beta Çay Fabrikinin direktoru Mehmet Sait Gülşən layihənin təşkilinə görə təşəkkürünü bildirib və mövzunun cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
O qeyd edib ki, xüsusilə toy və yas mərasimlərində edilən həddindən artıq xərclər ailələrin büdcəsinə ciddi yük yaradır. Onun sözlərinə görə, bu vəsaitlərin nümayiş xarakterli xərclərə deyil, gənclərin və uşaqların gələcəyinə yönəldilməsi daha məqsədəuyğundur.
Mehmet Sait Gülşən bildirib ki, israfçılıq yalnız toy və yas mərasimləri ilə məhdudlaşmır. Onun fikrincə, insan həyatının müxtəlif sahələrində, o cümlədən sağlamlığın, vaxtın və digər nemətlərin dəyərinin bilinməməsi də israfın bir formasıdır.
Direktor vurğulayıb ki, israfçılığın qarşısının alınması hər bir insanın özündən və ailəsindən başlamalıdır. O, bu dəyərlərin əvvəlcə ailə daxilində formalaşdırılmasının, daha sonra isə cəmiyyətə nümunə göstərilməsinin vacibliyini qeyd edib.
“İnsan əvvəlcə öz evində bu prinsiplərə əməl etməli, sonra ətrafındakılara tövsiyə etməlidir. Özümüzün etmədiyimiz bir şeyi başqalarından tələb etmək doğru yanaşma deyil”, – deyə Mehmet Sait Gülşən bildirib.
Zəhra Ağayeva






