ABŞ-nin texnologiya şirkəti Anthropic bildirib ki, Claude adlı süni intellekt modelləri kibertəhlükəsizlik sınaqları zamanı yaranmış konfiqurasiya xətası səbəbindən üç fərqli şirkətin sistemlərinə icazəsiz daxil olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, hadisə OpenAI-nin öz süni intellekt modellərinin Hugging Face də daxil olmaqla bir sıra platformalara icazəsiz giriş etdiyini açıqlamasından sonra üzə çıxıb. Bundan sonra Anthropic oxşar halın öz sistemlərində də baş verib-vermədiyini araşdırmaq üçün geniş yoxlama aparıb.
Şirkət Claude model ailəsinin təcrid olunmuş sınaq mühitlərindən internetə çıxış əldə edib-etmədiyini müəyyənləşdirmək məqsədilə 140 mindən çox testi geriyə dönük təhlil edib. Nəticədə, aprel ayına qədər uzanan üç ayrı icazəsiz giriş hadisəsi aşkarlanıb. Təsirlənən şirkətlərin adları açıqlanmasa da, hadisə barədə müvafiq qurumlara məlumat verildiyi bildirilib.
İnsident sistemlərdəki boşluqları aşkar etmək üçün keçirilən "Capture the Flag" (Bayrağı ələ keçir) təhlükəsizlik testləri zamanı baş verib. Şirkət və onun test tərəfdaşının sistemlərindəki konfiqurasiya xətası nəticəsində süni intellekt modelləri internetə çıxış əldə edərək digər şəbəkələrə daxil olublar.
Şirkət bildirib ki, hadisə baş verən zaman nə Anthropic, nə də hədəf alınan şirkətlər bunu dərhal müəyyən edə biliblər. Buna görə də təhlükəsizlik monitorinqi və yoxlama mexanizmlərinin daha da gücləndiriləcəyini vurğulayan Anthropic məsuliyyətin tam şəkildə öz üzərində olduğunu bəyan edib.
Son dövrlərdə süni intellekt sistemləri ilə bağlı kibertəhlükəsizlik insidentlərinin artması bu sahədə təhlükəsizlik standartları və nəzarət mexanizmləri ətrafında müzakirələri yenidən gündəmə gətirib. ABŞ Prezidenti Donald Tramp da son hadisələrdən sonra süni intellekt texnologiyalarına dair əlavə təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini açıqlayıb.
Piranə Xasiyeva






