Lənkəranda keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsi çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədov mədəniyyətin cəmiyyətin inkişafındakı rolundan danışıb. O bildirib ki, insan kapitalının formalaşmasında mənəvi dəyərlər və yüksək mədəniyyət həlledici əhəmiyyət daşıyır, dünyanı xilas edə biləcək ən böyük qüvvə isə məhz mədəniyyətdir.

QHT.az xəbər verir ki, Fuad Məmmədov çıxışında nitqinə qısa bir rəvayətlə başlayıb. O bildirib ki, bir qadın yol gedərkən qarşısına “Allahın dükanı” adlı bir məkan çıxır. İçəri daxil olduqda Allahdan qızıl, brilyant və var-dövlət istəyir. Lakin Allah ona kiçik bir qutu təqdim edərək bildirir ki, “Mənim dükanımda yalnız toxum satılır”. Professor qeyd edib ki, bu rəvayət insanın əldə etdiyi hər bir uğurun zəhmət, əzm və inkişafın nəticəsi olduğunu ifadə edir.

O vurğulayıb ki, Allah insanı digər canlılardan fərqli olaraq zəka sahibi yaradıb və insan həm ağlını, həm də qəlbini birlikdə inkişaf etdirməlidir. Bunun əsas yolu isə mədəniyyətdən keçir.

Fuad Məmmədov bildirib ki, dünyanı xilas edə biləcək ən böyük qüvvə mədəniyyətdir. Onun sözlərinə görə, müasir dövrdə mənəvi dəyərlərin aşınması prosesi gedir və Azərbaycan da bu çağırışlardan kənarda deyil. Buna baxmayaraq, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

O xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə insan kapitalını Azərbaycanın ən böyük sərvəti kimi qiymətləndirib. Professor qeyd edib ki, təbii sərvətlər tükənə bilər, lakin insana qoyulan sərmayə heç vaxt itmir.

Fuad Məmmədovun sözlərinə görə, yüksək mədəniyyətə malik, bilikli, bacarıqlı, yaradıcı, mənəviyyatlı və təşkilatçılıq qabiliyyətinə sahib insanlar insan kapitalının əsasını təşkil edir. Bu keyfiyyətlər inkişaf etdikcə cəmiyyət də dövrün çağırışlarına daha uğurla cavab verə bilir.

Professor çıxışında mədəniyyəti iki qanadlı quşa bənzədərək bildirib ki, onun əsas sütunlarından biri mənəvi mədəniyyətdir. Bu isə məhəbbət, dostluq, alicənablıq, mərdlik, mərhəmət, ədalət, həqiqət, nəzakət və vətənpərvərlik kimi ali dəyərləri özündə birləşdirir.

Sonda Fuad Məmmədov Allahdan insanların xeyirxah əməllərində onlara yardımçı olmasını, ailələrə, xalqa və bütün insanlara xeyir və uğur arzulayaraq çıxışını başa çatdırıb.

Zəhra Ağayeva