Lənkəranda keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsi çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin redaktoru, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Əlimərdan Əliyev çıxışında tədbirin təşkilini yüksək qiymətləndirərək, belə mühüm mövzunun ictimai müzakirəyə çıxarılmasının cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, Lənkəran ziyalıları və İctimai Şuranın üzvləri adından tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin, mədəniyyətin və israfçılığa qarşı mübarizənin müzakirəsi hər kəsin ehtiyac duyduğu vacib məsələlərdəndir.

Əlimərdan Əliyev çıxışında tədbirdə iştirak edən kulturoloq Fuad Məmmədovun elmi fəaliyyəti və yüksək mədəniyyətini xüsusi vurğulayaraq, onun Azərbaycan kulturologiyasına verdiyi töhfələrin və səsləndirdiyi fikirlərin cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, ölkənin belə ziyalı və alimlərinin fikirlərindən bəhrələnmək milli inkişaf və gələcək nəsillərin formalaşması baxımından böyük önəm daşıyır.

İctimai Şura sədri vurğulayıb ki, tədbirdə iştirak edən din xadimləri, bələdiyyə sədrləri və dövlət qurumlarının nümayəndələri uzun illərdir cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm fəaliyyət göstərirlər. Onun sözlərinə görə, dini etiqad azadlığı haqqında qanunun tələblərinə uyğun şəkildə dövlət-din münasibətlərinin düzgün qurulması və milli dəyərlərin təbliği bu istiqamətdə görülən işlərin əsasını təşkil edir.

Əlimərdan Əliyev xüsusilə toy və mərasimlərdə müşahidə olunan israfçılıqdan narahatlığını ifadə edib. O bildirib ki, bir vaxtlar insanların çörək tapmaqda çətinlik çəkdiyi günləri unutmamaq lazımdır. Bu gün isə bəzi şadlıq məclislərində tonlarla ərzağın istifadəsiz qalaraq tullantıya çevrilməsi nə dini baxımdan, nə də milli düşüncə baxımından qəbulolunan hal deyil.

“İnsan öz imkanını nümayiş etdirmək naminə nemətləri israf etməməlidir. Bu, nə vicdana, nə də milli-mənəvi dəyərlərimizə uyğundur. Həyatımızı elə qurmalıyıq ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərini davranışımızla nümayiş etdirək”, – deyə o vurğulayıb.

Çıxışının sonunda Əlimərdan Əliyev Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə şəhid ailələri ilə görüşündə Azərbaycan süfrə mədəniyyəti barədə söylədiyi fikirləri xatırladaraq bildirib ki, xalqımızın əsrlərlə formalaşmış süfrə mədəniyyəti təvazökarlığa, nemətə hörmətə və israfdan uzaq olmağa əsaslanır. O qeyd edib ki, bu ənənələrin yaşadılması milli-mənəvi dəyərlərin qorunmasının vacib tərkib hissəsidir.

Zəhra Ağayeva