Lənkəranda keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” mövzusunda tədbirdə çıxış edən Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev çıxışında bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri qorunmalıdır. Onun sözlərinə görə, ehsan vermək, xeyriyyəçilik etmək hər kəsin öz imkanına uyğun şəkildə həyata keçirə biləcəyi bir işdir və heç kim buna görə özünü çətin vəziyyətə salmamalıdır.
Ə.Əliyev qeyd edib ki, cəmiyyət bu məsələdə din xadimlərinin tövsiyələrinə və dini qaydalara əməl etməlidir. O vurğulayıb ki, zaman dəyişdikcə yaranan problemlər də fərqlənir və din xadimləri bu vəziyyəti düzgün qiymətləndirərək insanlara doğru yolu göstərirlər.
Çıxışında yas mərasimlərindəki israfçılığa da toxunan Ələkbər Əliyev bildirib ki, nə Qurani-Kərimdə, nə də dini qaydalarda insanların yas mərasimlərini keçirmək üçün evini, torpağını və ya digər əmlakını satması tövsiyə olunmur. Onun sözlərinə görə, bəzi ailələr maddi imkansızlıq səbəbindən böyük xərcə düşür, hətta əmlakını satmağa məcbur qalır ki, bu da doğru yanaşma deyil. O, hər kəsi imkanına uyğun davranmağa və israfdan çəkinməyə çağırıb.
Zəhra Ağayeva






