Beynəlxalq yardım sahəsində maliyyələşmənin azaldığı bir dövrdə filantropiya sektoru inkişaf edən və diqqət mərkəzində olan istiqamətlərdən birinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, xeyriyyəçilik və özəl fondların fəaliyyəti yaxın illərdə qlobal inkişaf layihələrinin maliyyələşdirilməsində daha böyük rol oynayacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu mövzuya həsr olunmuş yeni hesabatda filantropiya sahəsində formalaşan əsas tendensiyalar və onların maliyyələşdirmə proseslərinə təsiri təhlil olunub. Araşdırma çərçivəsində il ərzində müxtəlif xeyriyyə təşkilatlarının rəhbərləri ilə müsahibələr aparılıb və sektorun gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.

Hesabat müəlliflərinin fikrincə, donorların prioritetlərində dəyişikliklər, maliyyə resurslarının daha məqsədyönlü bölüşdürülməsi və nəticəyönümlü investisiyaların artması filantropiya sahəsində əsas meyillər kimi ön plana çıxır.

Eyni zamanda beynəlxalq inkişaf gündəmində Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin müqavilələri, Avropa İttifaqının gələcək maliyyə planları və ABŞ Dövlət Departamentinin yeni qrant proqramları da diqqət mərkəzindədir.

Ekspertlər bildirirlər ki, qlobal inkişaf sektorunda baş verən dəyişikliklər fonunda filantropiya təşkilatlarının rolu daha da artacaq və bu sahədə qəbul olunan qərarlar bir çox beynəlxalq layihələrin maliyyələşdirilməsinə birbaşa təsir göstərəcək.

Yeni tendensiyalar göstərir ki, inkişaf layihələrinin maliyyə dayanıqlığını təmin etmək üçün ənənəvi donor mexanizmləri ilə yanaşı, alternativ maliyyələşdirmə mənbələrinin də əhəmiyyəti artır.

Piranə Xasiyeva