"Genetik Modifikasiya Olunmuş Orqanizmlər (GMO) ilə bağlı müzakirələr uzun illərdir davam edir. Hazırda elmi araşdırmalar göstərir ki, təsdiqlənmiş və nəzarətdən keçmiş GMO məhsullarının insan sağlamlığı üçün birbaşa zərərli olduğu sübut edilməyib. Dünyanın bir çox ölkəsində GMO məhsulları bazara çıxarılmazdan əvvəl təhlükəsizlik baxımından ciddi qiymətləndirmədən keçirilir".
Bu fikirləri qida eksperti Fərid Səfərov QHT.az-a açıqlamasında bildirib.
Fərid Səfərov bildirib ki, son illərdə xərçəng, piylənmə, şəkərli diabet və digər xroniki xəstəliklərin artması ilə GMO məhsulları arasında birbaşa əlaqəni təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil: "Son illərdə xərçəng, piylənmə, şəkərli diabet və digər xroniki xəstəliklərin artmasını birbaşa GMO ilə əlaqələndirən etibarlı elmi sübutlar yoxdur. Bu xəstəliklərin yaranmasında qeyri-sağlam qidalanma, fiziki aktivliyin azalması, siqaret çəkmə, alkoqol istifadəsi, ətraf mühit faktorları və genetik meyillilik kimi çoxsaylı amillər rol oynayır".
F.Səfərovun sözlərinə görə, GMO məhsullarının təhlükəsizliyi ilə bağlı araşdırmalar davam edir və əsas diqqət onların keyfiyyət göstəricilərinə yönəldilməlidir: "Bununla belə, GMO məhsullarının təhlükəsizliyi ilə bağlı monitorinq və araşdırmalar davam etdirilir. Mütəxəssislər hesab edirlər ki, əsas diqqət məhsulun GMO olub-olmamasından daha çox onun qida dəyərinə, istehsal keyfiyyətinə və təhlükəsizlik standartlarına uyğunluğuna yönəldilməlidir".
Ekspert vurğulayıb ki, istehlakçılar sağlam qidalanma prinsiplərinə əməl etməli və məlumat mənbələrini düzgün seçməlidirlər: "İstehlakçılar üçün ən vacib məsələ balanslı qidalanmaq, müxtəlif qida qruplarından istifadə etmək və etibarlı istehsalçılara üstünlük verməkdir. GMO mövzusunda qərar verərkən isə sosial şəbəkələrdə yayılan iddialardan deyil, elmi araşdırmalardan və rəsmi qurumların məlumatlarından istifadə etmək daha məqsədəuyğundur".
Fərid Səfərov sonda çağırış edib: "Sağlam qidalanaraq sağlam yaşayın!"
Cəmilə Məcidova






