"Qeyd edək ki, hazırda sosial şəbəkələrdə həqiqətən də insanlara vəsaitlərini hara yönəltmək və nəyə investisiya etmək barədə çoxlu məsləhətlər verilir. Amma açığı, bu məsləhətləri verənlərin bəziləri ya həmin sahənin mütəxəssisi deyil, ya da sahə üzrə təhsil alsalar da, kifayət qədər dərin biliklərə malik olmurlar. Nəticədə yanlış proqnozlar, yanlış məsləhətlər və insanların səhv qərarlar verməsi halları ortaya çıxır".

Bu sözləri QHT.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib. 

O bildirib ki, ümumiyyətlə, məsələn, Çin təcrübəsinə baxsaq, son dövrlərdə sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub. Bu da onunla əlaqədardır ki, tibbi və ya iqtisadi məsələlər kimi sahəvi mövzularda məsləhət verən şəxslərin həmin sahənin mütəxəssisi olması tələb edilir. Mütəxəssis olmayan şəxslərə bu cür məsləhətlər verməyə icazə verilmir.

Ruslan Atakişiyev əlavə edib ki, bizdə isə informasiya məkanı açıqdır. Ona görə də burada məhdudlaşdırmadan daha çox insanların diqqətli olması vacibdir. Birinci növbədə maliyyə savadlılığı ilə bağlı rəsmi mənbələrə diqqət yetirmək lazımdır. Məsələn, dövlət qurumlarının saytlarına müraciət etmək olar. İstənilən sayda suala cavab tapmaq üçün Mərkəzi Bankın maliyyə maarifləndirilməsi bölməsində geniş məlumatlar təqdim olunur.

O vurğulayıb ki, bundan əlavə, ixtisaslaşmış ictimai birliklər, müəssisələr və şirkətlər öz saytlarında müxtəlif məlumatlar paylaşırlar. Həmçinin iqtisadçılar arasında da öz peşəsi və fəaliyyəti ilə nüfuz qazanmış şəxslərin fikirlərinə üstünlük verilməlidir. Xüsusilə onların fəaliyyət göstərdikləri tədris və ya tədqiqat mərkəzlərinə, peşəkar keçmişlərinə diqqət yetirmək vacibdir.

Müsahib R. Atakişiyev deyib ki, bu gün beynəlxalq yanaşma da ondan ibarətdir ki, hər hansı məlumat əldə edilərkən onun mənbəyinin doğruluğu və etibarlılıq dərəcəsi yoxlanılsın. Ona görə də istər məqalə oxuyarkən, istərsə də hər hansı məlumatdan istifadə edərkən mənbənin etibarlılığına diqqət yetirmək və yalnız bundan sonra həmin məlumat əsasında maariflənmək lazımdır.

Fırıldaqçılıqla mübarizəyə gəldikdə isə, qeyd etdiyimiz kimi, insanlar bu resurslardan istifadə etməklə özlərini daim maarifləndirməlidirlər.

Müsahib bildirib ki, maliyyə təhlükəsizliyi baxımından ilk növbədə hər kəs bilməlidir ki, onun maliyyəsi ilə bağlı bütün məlumatlar məxfi məlumatlardır. İstər bank hesabları, istər debet və ya kredit kartları barədə məlumatlar olsun, bunların hamısı məxfidir. Buna görə də bu məlumatları heç kimlə paylaşmamağa çalışmaq və belə məlumatlar tələb olunduqda onların həqiqiliyini yoxlamaq lazımdır.

Ruslan Atakişiyev vurğulayıb ki, məsələn, öz təcrübəmdə qeyd edə bilərəm ki, hətta mənə bankdan zəng gəldikdə belə, onun doğruluğunu yoxlayıram. Həmin anda bankın özünə də zəng edərək bunun həqiqətən onların əməkdaşı tərəfindən edilib-edilmədiyini dəqiqləşdirirəm. Əksər hallarda isə məlum olur ki, həmin zənglər bank tərəfindən edilməyib.

Müsahib son olaraq qeyd edib ki, bu gün fırıldaqçılar elə üsullar inkişaf etdiriblər ki, hətta dövlət qurumlarının saytları və ya onlayn platformaları üzərindən göndərilmiş kimi görünən saxta elektron bildirişlər və virtual sistemlər yarada bilirlər.

Piranə Xasıyeva