"Xəzər dənizində su səviyyəsinin azalması 2000-ci illərdən etibarən müşahidə olunur və son dövrlərdə bu prosesin daha da sürətləndiyi qeyd edilir (ildə təxminən 10–15 sm). Bu dəyişiklik bir neçə amillə izah olunur".

Bu fikirləri ekoloq Sadiq Həsənov QHT.az-a açıqlamasında bildirib.

S.Həsənovun sözlərinə görə, iqlim dəyişmələri Xəzər dənizində su balansını ciddi şəkildə pozur: "Su səviyyəsinin azalmasınıb əsas səbəblərdən biri iqlim dəyişmələridir. Temperaturun artması buxarlanmanı təxminən 10%-ə qədər yüksəldib, nəticədə su balansında mənfi tendensiya yaranıb. Eyni zamanda yağıntı rejimində dəyişikliklər və ümumi istiləşmə də bu prosesə təsir göstərir".

Ekoloq bildirib ki, Xəzərə tökülən çayların azalması dəniz səviyyəsinin enməsində əsas rol oynayır: "Digər mühüm amil Xəzərə tökülən əsas çayların su axınındakı azalmadır. Xüsusilə Volqa çayının su ehtiyatlarının azalması dəniz səviyyəsinə ən böyük təsiri göstərir. Bundan əlavə, Kür, Terek və Ural çaylarında da su səviyyəsinin aşağı düşməsi ümumi azalmanı gücləndirir".

Mütəxəssis vurğulayıb ki, Volqa çayındakı dəyişikliklər həm təbii, həm də insan fəaliyyəti ilə bağlıdır: "Volqa çayındakı azalmaya həm təbii, həm də antropogen səbəblər təsir edir. Təbii amillər sırasında Atlantik okeanından gələn rütubətli hava kütlələrinin və siklonların zəifləməsi göstərilir. İnsan fəaliyyəti isə çay hövzəsində çoxsaylı su anbarlarının tikilməsi və suyun yönləndirilməsi ilə bağlıdır ki, bu da axının azalmasına səbəb olur".

Həsənov qeyd edib ki, yağıntılardakı artım hələ vəziyyəti tam kompensasiya etmir: "Son illərdə yağıntıların qismən artması müşahidə olunsa da, bu, ümumi azalmanı kompensasiya etməyə kifayət etmir. Bəzi mənbələrdə və tədqiqatçıların fikirlərində (məsələn, Mixail Dolqovun bəyanatlarında) müəyyən stabilləşmə ehtimalı qeyd edilsə də, bu fikir hələ tam elmi konsensus kimi qəbul olunmayıb".

Ekoloqun fikrincə, tendensiya davam edərsə, Xəzər dənizində səviyyə enişi uzunmüddətli ola bilər: "Mövcud müşahidələrə əsasən, Xəzər dənizinin səviyyəsi 2000-ci illərlə müqayisədə bir neçə metr aşağı düşüb və təxminən −29,5 metr səviyyəsinə qədər enib. Bu göstərici 1977-ci ilin minimum səviyyəsindən də aşağıdır".

Fatimə Nəbiyeva