Yaponiyanın oyun istehsalçısı Nintendo şirkətinin səhmləri iyunun 10-da 7,5 faiz ucuzlaşıb. Buna səbəb şirkətin təqdim etdiyi yeni oyun siyahısında “Super Mario” kimi əsas franşizalara aid yeni layihələrin yer almaması olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, investorlar Nintendo-nun yeni nəsil oyun konsolu olan Switch 2 üçün kifayət qədər cəlbedici oyun portfeli təqdim etmədiyini düşünürlər. Bu isə şirkətin səhmlərinə təzyiq göstərib.

Kyotoda yerləşən şirkətin səhmləri ilin əvvəlindən bəri təxminən üçdə bir dəyər itirib. Analitiklər hesab edirlər ki, xüsusilə ilin sonundakı bayram alış-veriş mövsümündə yeni əsas “3D Mario” oyununun olmaması kommersiya baxımından əhəmiyyətli təsir göstərə bilər.

“Jefferies” investisiya şirkətinin analitiki Atul Qoyal qeyd edib ki, Switch 2 platforması ikinci ilinə güclü franşiza oyunu olmadan daxil olur və bu, satışlara mənfi təsir göstərə bilər.

Nintendo ötən il Switch 2 konsolunu “Mario Kart World” və daha sonra təqdim edilən “Donkey Kong Bananza” kimi oyunlarla bazara çıxarmışdı. Lakin investorlar yeni təqdimatda daha güclü və populyar franşizaların elan olunacağını gözləyirdilər.

Bundan əlavə, şirkət ötən ay yaddaş çiplərinin bahalaşması fonunda Switch 2 konsolunun qiymətlərini artırıb. Analitiklər qiymət artımının da qiymətə həssas istehlakçılar arasında satış tempinə mənfi təsir göstərə biləcəyini bildirirlər.