Cənubi Koreyanın yarımkeçirici istehsalçısı SK Hynix səhmlərini ABŞ fond bazarında yerləşdirməyə hazırlaşır. Reuters-in məlumatına görə, şirkət süni intellekt texnologiyalarına bağlı səhmlərə artan investor marağından yararlanmaq və investor bazasını genişləndirmək məqsədilə ABŞ-da listinq etməyi planlaşdırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) şirkətin Amerika depozitar qəbzləri (ADR) üzrə müraciətini iyunun 22-si ilə başlayan həftədə təsdiqləyə bilər. Mənbələrin bildirdiyinə görə, listinq artıq avqust ayında baş tuta bilər.

SK Hynix açıqlamasında 2026-cı il ərzində ADR emissiyasını həyata keçirməyi planlaşdırdığını təsdiqləsə də, yerləşdirmənin həcmi və dəqiq vaxtı ilə bağlı qərarın hələ verilmədiyini bildirib.

Şirkət mart ayında ABŞ-da listinq üçün məxfi şəkildə müraciət etdiyini açıqlamışdı. Həmin dövrdə Reuters-ə danışan mənbə təklifin 14 milyard dollara qədər vəsait cəlb edə biləcəyini qeyd etmişdi.

Analitiklər hesab edirlər ki, süni intellekt texnologiyalarının sürətli inkişafı yaddaş çiplərinə tələbatı artırdığından, bu sahədə fəaliyyət göstərən şirkətlərin səhmlərinə investor marağı yüksək olaraq qalır.