Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Emin Amrullayev çıxışlarının birində qeyd edib ki, müəllim peşəsini seçən adam gedib ölkənin harasında olursa olsun, azərbaycanlı uşaqlara dərs keçmək düşüncəsində olmalıdır. Evinin yanında işləməyi düşünməməlidir. Rayon və kənd məktəblərində müəllim çatışmır, on minlərlə müəllim işsizdir. Bakının mərkəzində rus bölmələri müəllim qıtlığı yaşayır. Demək təkcə təhsil vermək yox, müəllim yetişdirmək lazımdır. Bu barədə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib.
O, bildirib ki, şəxsən bu yaşımda məni hara göndərsələr gedərəm: “Son on illərin müşahidəsi göstərir ki, pedoqoji kadr yetişdirən universitetlər bu işin öhdəsindən gələ bilmirlər. Demək, yanaşmanı dəyişmək lazımdır, tələbə sayının artmasına görə qəbul planını artırmaq yarışına qatılmaq lazım deyil. Böyük ürəyə sahib müəllim yetişdirin, cənab rektorlar. O müəllimləri ki, kənddə işləmək istəsin. Zorakılığa məruz qalma təhlükəsindən şagirdləri, xüsusilə qızları qorusun. Savad versin, kənd uşaqlarını sosial və xoşbəxt etsin. Ancaq bir şərtlə: kəndə işləməyə gedən də xoşbəxt olmalıdır. Yaxşı təminatı, yaşayış yeri, əyləncəsi və s. olmalıdır. O bunu edə biləcəkmi? O müəllimə bu imkanı yaratmağa dəstək verəcək yerli nümayəndələr olacaqmı? Bax bu suallara cavab tapmaq üçün, gənc kadrları həvəsləndirmək üçün məhz yeni yanaşma mütləqdir. Məncə bunun üzərində işləməyə dəyər”- deyə vurğulayıb.
Pərvanə Fərhadqızı












