“Təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi nizam-intizamın, şagirdlər arasında bərabərliyin və sağlam təhsil mühitinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəb hər şeydən əvvəl elmin, təhsilin və milli-mənəvi dəyərlərin aşılandığı məkan olmalıdır”.
Bu fikirləri QHT.az-a açıqlamasında “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev bildirib.
Onun sözlərinə görə, məktəblərdə geyim qaydalarına əməl olunması dini inanclara müdaxilə kimi deyil, təhsil sistemində vahid standartların və dünyəvilik prinsiplərinin qorunması kimi qiymətləndirilməlidir.
“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşılır. Bununla yanaşı, təhsil müəssisələrində qanunvericiliklə müəyyən edilmiş geyim qaydalarına hamı tərəfindən əməl olunması vacibdir. Bu məsələnin süni şəkildə dini qarşıdurma mövzusuna çevrilməsi yolverilməzdir. Hesab edirəm ki, məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı valideynlər arasında maarifləndirmə işləri gücləndirilməli, məsələyə emosional deyil, hüquqi və pedaqoji prinsiplər əsasında yanaşılmalıdır”, – deyə Emin Xankişiyev vurğulayıb.










