“Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında səsləndirdiyi fikirlər beynəlxalq hüququn aliliyinin, ədalətin təmin olunmasının və müharibə cinayətlərinə görə məsuliyyət məsələsinin nə qədər aktual olduğunu bir daha göstərir”.

 

Bu fikirləri QHT.az-a açıqlamasında “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və onun ağır nəticələri beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasının nə qədər vacib olduğunu nümayiş etdirib.

“Beynəlxalq hüquq yalnız sənədlərdə deyil, real həyatda da işləməlidir. Müharibə cinayətlərinə görə məsuliyyətin təmin olunması, günahsız insanların hüquqlarının müdafiəsi və tarixi ədalətin bərpası davamlı sülhün əsas şərtlərindəndir. Eyni zamanda, hər bir hüquqi proses qanunun aliliyi və ədalətli məhkəmə prinsiplərinə əsaslanmalıdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar beynəlxalq ictimaiyyət üçün də mühüm çağırışdır. Ədalət və beynəlxalq hüquq siyasi maraqlardan asılı olmayaraq bütün dövlətlərə eyni prinsiplərlə tətbiq edilməlidir”, – deyə Emin Xankişiyev vurğulayıb.