"Vaxtilə "AZİ"-də (ADNSU) baş verən gülləbarandan sonra məktəb mühafizəsi sahəsində kütləvi, əsaslı, xüsusi, ciddi dəyişiklik baş vermədiyi üçün belə hadisələrdən heç kəs sığortalanmayıb. Məktəblər və bagçalar kütləvi iştirakçıları olan müəssisələrdir. Məktəblər ya tam dövlət mühafizəsinə verilməli, müasir texniki elektron giriş-çıxış turniketləri, tanıma avadanlıqları təmin edilməli, yaxud bütün məktəblərdə icmalar yaranmalıdır və onların fəaliyyətinə direktorlar imkan verməlidirlər ki, bu yükü öz üzərlərinə götürsünlər, müvafiq texniki şəraiti yarada bilsinlər".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icracı direktoru Şahin Rəcəbov bildirib. Onun sözlərinə görə, özəl məktəblərin isə mühafizəni tam təşkil etmə imkanları da var. Məktəblərin təkcə foyeləri deyil, bütün sinifləri, həyəti kameralaşdırılmalı, bədbəxt hadisələrdən (yangın, cinayət, ogurluq, xoşagəlməz hallar, büldinq və s) məktəb iştirakçıları sığortalanmalıdır:

"Bu barədə dəfələrlə təkliflər vermişik. Məktəblər strateji müəssisə kimi mühafizəyə alınmalıdır və Məktəblərin Mühafizəsi Proqramı hazırlanmalıdır. Təəssüf ki, problem hələki öz aktuallığını saxlayır və və sahədə nə qədər tez tədbir görülsə yaxşıdır".

 

Məsələ ilə bağlı Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, İdrak Liseyində baş verən silahlı hadisə olduqca ağır və təəssüfdoğuran hadisədir.

"Bu gün media və sosial şəbəkələrdə müzakirələrin mərkəzində müəllim, şagirdlər, valideynlər və liseyin rəhbərliyi dayanır. Lakin daha ciddi suallar da var. Bu uşaq silahı haradan əldə edib? Silahın sənədi varmı? Uşaq kimin övladıdır, hansı zümrəyə aiddir? Silah hansı şəraitdə liseyə daxil olub (ov tüfəngi çantaya yerləşməz)? Mühafizə xidməti bu müddətdə hara baxıb və s.”

 

Pərvanə Fərhadqızı