Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, tərbiyə isə həm ailə, həm də təhsil müəssisələri vasitəsilə həyata keçirilən bir sistemdir. Təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin pedaqoji ustalığı əsas amillərdən biridir.

Bu sözləri “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, müəllim və şagirdlər arasında qarşılıqlı münasibətlərin, davranış qaydalarının, eyni zamanda mədəniyyətin və sağlam ünsiyyətin formalaşması etik tərbiyənin əsasını təşkil edir. Daxili ziddiyyət insanın tələbatları ilə onları ödəmək imkanları arasındakı ziddiyyətdir. Bu ziddiyyətlər tərbiyə prosesinə daxilən xasdır. Bu baxımdan daxili amillər, o cümlədən daxili ziddiyyətlər insanın şəxsi fəallığını, maraqlarını, insanlarla ünsiyyət və münasibətlərini özündə ehtiva edir.

"Müəllim öz davranış və münasibətlərində humanizmə daha çox diqqət ayırmalıdır. Xüsusilə şagirdin şəxsiyyətinə hörmət etməli, hansı vəziyyətdə olmasından asılı olmayaraq ədalətlilik prinsipini unutmamalıdır. Uşaqların davranışlarına qarşı sayğılı və dözümlü olmalı, yəni hər bir müəllim özünəməxsus pedaqoji takta malik olmalıdır. Belə situasiyalarda vəziyyəti yüngülləşdirməyi bacarmalıdır".

QHT sədri fevralın 6-da Bakıda yerləşən İdrak liseyində baş verən hadisəyə də münasibət bildirib. Onun sözlərinə görə, 10-cu sinif şagirdi Ə.Ş.-nin atasına məxsus ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı yaralaması qəbuledilməzdir:

“Bu hadisədə həm lisey kollektivi, həm də valideyn məsuliyyət daşıyır. Çünki odlu silahın diqqətsiz şəkildə saxlanılması və təhsil müəssisəsinə asanlıqla keçirilməsi bunu sübut edir”.

 

Pərvanə Fərhadqızı