Cəmiyyətin rifahı və sosial problemlərin həlli üçün çalışan qeyri-hökumət təşkilatları (QHT) böyük əhəmiyyət kəsb edir. Bu təşkilatların nümayəndələri öz həyatlarını başqalarının rifahı üçün fəda edirlər. Bugünkü müsahibəmizdə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva ilə iş və istirahət mövzusunda danışacağıq.
QHT.az: Salam Zenfira xanım. İstirahət edirsinizmi və ya edəcəksinizmi?
Zenfira Mustafayeva: "Salam qızım. Belə deyək, orqanizmin sağlamlığının əsas şərtlərindən biri hərəkətdir. Hərəkət etməklə yanaşı, istirahət etmək də lazımdır. İstirahətin iki növü var: fəal və qeyri-fəal. Fəal istirahət hərəkətə bağlıdır. Bura gəzintilər, idman oyunları və s. daxildir. Qeyri-fəal isə passiv istirahətdir, yəni mənzərə seyr etmək, muzeylərdə olmaq, kitab oxumaq və s.
QHT.az: Gündəlik işlərinizi idarə edərkən şəxsi istirahətinizə necə vaxt ayırırsınız və bu, iş performansınıza necə təsir edir?
Zenfira Mustafayeva: Əslində, istər zehni, istərsə də fiziki işlə məşğul olan hər kəsin ildə bir dəfə də olsa istirahətə ehtiyacı var. QHT nümayəndələri də daima ictimaiyyətlə təmasda olduqları, onların problemləri ilə məşğul olduqları üçün il ərzində çox yüklənirlər. Layihə yazmaq, onu icra etmək, hesabatlar hazırlamaq, müraciət edənlərin problemlərini həll etmək, zənglərə cavab vermək, müxtəlif tədbirlərdə iştirak etmək və daha çox başqa fəaliyyətlər.
QHT.az: Sizcə, qeyri-hökumət təşkilatlarında iş və istirahət balansını təmin etmək nə dərəcədə çətindir və bununla bağlı hansı problemlərlə qarşılaşırsınız?
Zenfira Mustafayeva: Yardım mərkəzləri, sığınacaqlar, layihə oldu-olmadı il boyu fəaliyyət göstərir. Bizim istirahət etməyə elə də vaxtımız olmur. Hətta beş, on günlük harasa gedəsi olsaq, telefonlarımız susmur. Düzdür, bu missiyanı özümüz üzərimizə götürmüşük. Bilirdik ki, bu yol çətin yoldur, heç kimdən təşəkkür gözləmirik. Biz o vaxt rahatlıq tapırıq ki, kimlərəsə dəstək oluruq, həyatını qismən də olsa yaxşılaşdıra bilirik. İstirahətimiz o vaxt tam olur ki, ətrafımızda olan insanlar xoşbəxt olurlar."
Zenfira Mustafayeva ilə bu söhbət qeyri-hökumət təşkilatlarının işçilərinin gündəlik həyatında qarşılaşdıqları çətinlikləri və onların istirahətə necə yanaşdıqlarını aydın şəkildə göstərir. Onun dedikləri, QHT-lərdə çalışan insanların fədakarlığını və cəmiyyətə verdikləri töhfəni bir daha diqqətə çatdırır. Dərin təşəkkürümüzü bildiririk ki, bu mövzu ilə bağlı dəyərli fikirlərini bizimlə bölüşdü.
Pərvanə Fərhadqızı
QHT.az












