QHT.az olaraq, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könul Quliyeva ilə qeyri-hökumət sektorunda iş və istirahət balansını müzakirə etdik. Könul xanım, gündəlik işlərin yüklü olması ilə yanaşı şəxsi istirahətinə necə vaxt ayırdığını və bu balansın iş performansına necə təsir etdiyini açıqlayıb. Eyni zamanda, qeyri-hökumət təşkilatlarında iş və istirahət balansının təmin edilməsi ilə bağlı qarşılaşılan çətinliklərə də toxundu.
1. İstirahət edirsinizmi və ya edəcəksinizmi?
Könul Quliyeva: Bəli, gündəlik istirahətimi qohumlarla və dostlarla dəniz kənarı gəzintilər, müxtəlif mədəni əyləncələr, mütaliə və fiziki fəaliyyətlə təmin edirəm. Lakin illik istirahət üçün yay tətilində xüsusi vaxt ayırıram. Hal-hazırda Bilgəh Kardioloji Sanatoriyasındayam. İnsan orqanizmində əzələlər və sinir hüceyrələri işləyir, amma istirahət də edirlər. Böyrəklər, qaraciyər, mədə və digər orqanlar da bu prinsiplə işləyir. Lakin ürək bütün ömür boyu istirahətsiz işləyir. Bu səbəbdən ürəyimizin qeydinə xüsusi diqqət yetirməliyik. İstirahətimizi düzgün təşkil etməklə sağlam həyat tərzimizi təmin etməliyik.
2. Gündəlik işlərinizi idarə edərkən şəxsi istirahətinizə necə vaxt ayırırsınız və bu, iş performansınıza necə təsir edir?
Könul Quliyeva: Şəxsi istirahətə vaxt ayırmaq mənim üçün əhəmiyyətlidir. İş və istirahət arasında balans yaratmağa çalışıram. İstirahət edərkən həm zehni, həm də fiziki olaraq dincəlirəm, bu da iş performansımı müsbət yöndən təsir edir. İş zamanı əldə etdiyim müsbət emosiyalar, mənim istirahət vaxtımı daha səmərəli keçirərək iş qabiliyyətimi artırır. Əmək və istirahət arasında sıx bir əlaqə mövcuddur. Fəaliyyət olan yerdə istirahət etmək zəruridir. Bəzən asudə vaxtdan düzgün istifadə edə bilmirik. Bəzi insanlar üçün istirahət tam fəaliyyətsizliyə çevrilir. Ancaq Vətəndaş Cəmiyyətinin nümayəndələri üçün istirahət vaxtı belə passiv olmur. QHT rəhbərləri günün istənilən saatında gələn zənglərə cavab verir, problemlərin həllinə çalışır və vətəndaşlara kömək edir. Onlar müsbət emosiyalarını qoruyaraq iş qabiliyyətlərini də saxlamağa çalışırlar.
3. Sizcə, qeyri-hökumət təşkilatlarında iş və istirahət balansını təmin etmək nə dərəcədə çətindir və bununla bağlı hansı problemlərlə qarşılaşırsınız?
Könul Quliyeva: İstirahət fəaliyyətin ayrılmaz hissəsidir və bu paralelliyi qorumaq lazımdır. İstirahəti yalnız iş qabiliyyətinin müəyyən səviyyəsini qoruma vasitəsi kimi görmək doğru olmaz. Yaxşı təşkil edilmiş istirahət yalnız sağlamlığı möhkəmləndirmək deyil, həm də əhval-ruhiyyəni pozitiv notlara kökləyir və daxilimizdə müsbət hisslərin yaranmasına səbəb olur. Kitab oxumaq, televizora baxmaq bilgiləri artırır, mənzərə seyr etmək və incəsənət nümunələrinə baxmaq isə fərqli duyğular bəxş edir. İdman oyunları, gəzinti və yüngül ev işləri də sağlamlığımıza müsbət təsir edir və istirahətin bir növünü təmin edir.
Könul Quliyeva, şəxsi istirahətə xüsusi önəm verdiyini və bu prosesin iş performansına müsbət təsir etdiyini vurğuladı. O, iş və istirahət arasında balans yaratmağın qeyri-hökumət təşkilatlarında bəzən çətin olduğunu, lakin bu balansın sağlamlıq və əhval-ruhiyyə baxımından vacib olduğunu qeyd etdi. İstirahət vaxtını effektiv keçirmək üçün müxtəlif fəaliyyətlərdən istifadə etdiyini və bunun həm fiziki, həm də zehni olaraq dincəlməyə kömək etdiyini bildirdi.
Pərvanə Fərhadqızı
QHT.az












