“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında İctimai Şura üzvlərinin əsas vəzifələrindən və informasiya axınında onların rolundan danışıb.
O bildirib ki, İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin başlıca vəzifəsi dövlət qurumlarının fəaliyyətini cəmiyyətə düzgün və dolğun şəkildə çatdırmaqdır: “Bu gün biz bir qurumda təmsil olunuruq və həmin qurumun həyata keçirdiyi uğurlu layihələr, əldə etdiyi nailiyyətlər var. Amma cəmiyyətin bundan nə dərəcədə xəbərdar olduğunu müəyyən etmək üçün QHT və media nümayəndələri bu fəaliyyətləri mütləq şəkildə öz platformalarında işıqlandırmalıdırlar. Bu, bizim fəaliyyətimizin əsas hissəsidir.”
Zülfiyyə Nuriyeva əlavə edib ki, QHT nümayəndələri vətəndaşın problemlərini yaxından bilən şəxslər olaraq, bu məsələləri sistemli şəkildə dövlət qurumlarına çatdırmaq və aparılan işlərin nəticəsini cəmiyyətə göstərməkdə də vacib rol oynayırlar: “QHT-lər və media bu sahədə ən yaxşı vasitədir. İctimai Şura həm vətəndaşla, həm də dövlətlə əlaqəni təmin edən informasiya körpüsüdür.”
Pərvanə Fərhadqızı












